Yuxarı
    Bağlamaq

    YUĞ Teatrında “Rindi-Şeyda” tamaşasının premyerası keçiriləcək

    Yeni səhnə əsəri Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş etdiriləcək

    Bakı. 4 iyul. REPORT.AZ/ YUĞ Dövlət Teatrında iyulun 6-da “Rindi-Şeyda” tamaşasının premyerası keçiriləcək.

    Bu barədə "Report"a teatrdan məlumat verilib.

    Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan tamaşanın ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Aytən Məmmədovadır.

    Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.

    Janrı səmavi eşq ayini kimi təyin olunan tamaşada YUĞ Teatrının aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov iştirak edir.

    Səhnə əsərində Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlı Odərin poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.

    Tamaşada 3 aşiq xüsusi məkana daxil olub, onları narahat edən, əzab verən mənəvi-psixoloji komplekslərindən azad olub, yeni mənəvi-psixoloji keyfiyyətlərlə yollarına davam edirlər.

    Teatrın baş rejissoru Gümrah Ömər ilk dəfə olaraq teatrda, “Aşiqlik”, “Eşq” mövzusuna müraciət edildiyini və tamaşanın adından da göründüyü kimi, əbədi aşiq anlayışını “Psixosof” teatr poetikası vasitəsilə realizə etməyə çalışdıqlarını bildirib.

    Qeyd edək ki, tamaşa iyulun 6-da saat 19.00-da Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş etdiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi