Yuxarı

"YUĞ" Teatrı ilin sonuncu tamaşasını nümayiş etdirib

İlin son tamaşası yazar Pərvinin pyesi əsasında hazırlanan Sonuncu tamaşası olub

Bakı. 28 dekabr. REPORT.AZ/ "YUĞ" Teatrı ilin son tamaşasını nümayiş etdirib.

"Report" xəbər verir ki, 2015-ci ilin son tamaşası yazar Pərvinin pyesi əsasında hazırlanan "Sonuncu" tamaşası olub.

Tamaşanın quruluşçu rejissoru və səhnə tətribatçısı xalq artisti, əməkdar incəsənət xadimi, rejissor Ramiz Həsənoğludur.

Səhnə əsərinin geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
Tamaşada əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Könül Cəfərzadə çıxış edib.

Qeyd edək ki, dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxış bucağından yanaşmağa çalışıblar.

Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

Müasir dövrün reallığını əks etdirən, bir aktyorun faciəli həyatından bəhs edən tamaşa alqışlarla qarşılanıb.

Xatırladaq ki, bu il YUĞ Teatrının aktyoru, əməkdar artist Fərhad İsrafilovun 60 yaşı tamam olub. Bu münasibətlə, “Sonuncu” tamaşası həm də Fərhad İsrafilovun benefisi kimi hazırlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi