Yuxarı

YUĞ Teatrı: Doğma səhnəmizdə tamaşaların nümayişini davam etdiririk

Bu gün teatrda Naməlum Axundzadə tamaşasının növbəti nümayişi olacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ "YUĞ Dövlət Teatrı doğma səhnəsində tamaşalarını oynamağa davam edir. Bu gün teatrda M.F.Axundovun "Naməlum Axundzadə" tamaşasının növbəti nümayişi olacaq".

"Report" xəbər verir ki, bu barədə məlumatı teatrın mətbuat xidməti yayıb.

Teatrdan bildirilib ki, M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə Azərbaycan Dövlət YUĞ Teatrında "Naməlum Axundzadə" teatr layihəsi çərçivəçində hazırlanan yeni tamaşa böyük maarifçinin irsinin fərqli, bu günə qədər qapalı qalan aspektlərini işıqlandırır: "138 yaşlı Azərbaycan teatrını təmsil edən bütün sənət ocaqlarında M.F.Axundzadənin pyesləri əsasında hazırlanan tamaşaların sayəsində neçə-neçə rejissor və aktyor nəsilləri yetişib. İnanırıq ki, M.F.Axundzadənin pyesləri müasir dövrdə çağdaş teatr sənətinin yeni bədii-estetik prinsipləri çərçivəsində səhnəyə gətirilərsə, bu, milli teatr sənəti üçün təkanverici amil rolunu oynaya bilər".

Məlumata görə, özündə Avropa modelli dramaturgiyanın tələb və şərtlərini (dramaturji metod – yəni, zaman, məkan, potensial konflikt), həmçinin sakral arxetipik mənaları ehtiva edən Axundzadə pyesləri XXI əsrdə də yeni teatr sənəti üçün ədəbi əsas rolunu oynamağa qadirdir: "Buna görə də biz Azərbaycan Dövlət YUĞ Teatrı olaraq, M.F.Axundzadənin əsərlərini özəl poetikamız ("PSİXOSOF") çərçivəsində fərqli aspektdən səhnələmək cəhdində bulunmuşuq. Başlıca məqsəd M.F.Axundzadə irsinin bu günə qədər aşkarlanmayan naməlum tərəflərini işıqlandırmaqdan ibarətdir".

Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssam Umay Həsənova, musiqi tərtibatı Ramiq Mehdi, rejissor assistentləri ƏR Toğrul və Aytən Məmmədovadır. 

Rolları əməkdar artistlər Fərhad İsrafilov, Məmməd Səfa, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Vidadi Həsənov, Yaqut Paşazadə, aktyorlar Zümrüd Bəxtiyar, Zərtac Quliyeva, Hikmət Rəhimov və Emil Məlikov oynayır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi