Bakı. 19 avqust. REPORT.AZ/ “Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016” başa çatıb
Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.
Tədbirdə Azərbaycanı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” folklor qrupunun üzvləri təmsil edib.
İyulun 30-da festival çərçivəsində Tayvanda Azərbaycan günü keçirilib. Azərbaycanın xalq çalğı alətlərində muğamlar və “Aysel-Buta” folklor qrupunun çıxışları, milli rəqslər tamaşaçıların böyük marağına səbəb olub.
Həmçinin, avqustun 7-də festival çərçivəsində Azərbaycan mətbəxi günü keçirilib. Tədbir iştirakçıları və qonaqlar Azərbaycan xalqının zəngin kulinariya mədəniyyəti ilə yaxından tanış olub.
Ölkənin nümayəndələrinə Tayvanın mədəni həyatı ilə tanış olması məqsədilə yerli ekskursiyalar və qrup gəzintiləri kimi bir sıra mədəni tədbirlər təşkil olunub.
Bağlanış konsertində festivalda çıxış edən bütün ölkələrin kollektivləri konsertdə Tayvan mədəniyyəti və incəsənətinə xas olan nümunələri rəqslərlə nümayiş ediblər.
Sonda hər bir ölkənin nümayəndələri ürək sözlərini bildirərək, öz milli rəqs paltarları ilə yürüşə çıxıb.