Yuxarı

Azərbaycan Dövlət Musiqili Teatrında yeni komediyanın premyerası olacaq

Tamaşa Afaq Bəşirqızının yubileyinə ithaf olunur

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının premyerası olacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı Musiqili Teatrın mətbuat xidməti yayıb. Tamaşanın premyerası aprelin 16-sı saat 19.00-da olacaq. 

Qeyd edək ki, tamaşa Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” ordenli, komediyada əsas obrazı canlandıran Afaq xanım Bəşirqızının 60 illik yubileyinə ithaf olunub.

Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan tamaşada oğlunun toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərara alır. Düşünür ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Və qəfildən “ölü” ayılır... Və... Əsl həngamə də məhz bundan sonra başlayır...

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur.

Gözlənilməz situasiyalarla dolu bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov özü səsləndirəcək.

Tamaşada əsas obrazları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Ziyadxan Cəbrayılov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov ifa edirlər.

Tamaşanın baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi