Yuxarı

Yaşar Nurinin çəkildiyi sonuncu tamaşanın diski tapılıb

Sentyabrın 3-də mərhum xalq artistinin 65 yaşı tamam olacaq

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycanın mərhum xalq artisti Yaşar Nurinin rol aldığı sonuncu tamaşanın çəkilişi tapılıb və ailəsinə təhvil verilib.

Bunu "Report"a açıqlamasında aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva deyib. 

Onun sözlərinə görə, Y.Nurinin Musiqili Teatrın səhnəsində ilk və son dəfə ifa etdiyi "Ər və arvad" musiqili komediyasının premyerasını həmin dövrdə televiziyalar çəkməyib: "Ona görə də tamaşanın çəkilişini əldə edə bilmədik. Amma həmin tamaşanı bir nəfər həvəskar çəkib. O, çəkilişin diskini bu yaxınlarda Musiqili Teatra təhvil verib. Teatr rəhbərliyi həmin diski mənə təqdim edib. Həvəskar çəkiliş olduğu üçün səs keyfiyyətsizdir. Amma təmizlənə bilər. İndi bu işlə məşğul oluram".

Sentyabrın 3-də xalq artistinin 65 yaşının tamam olacağını qeyd edən R.Nuriyeva bildirib ki, bu münasibətlə ailəsi aktyorun məzarını ziyarət edəcək: "Yaşarın 65 yaşı tamam olacaq. Doğum günündə onun məzarını kimlərin ziyarət edəcəyini deyə bilmərəm, bu barədə məlumatım yoxdur. Amma ailə üzvləri olaraq, mən və qızlarım Yaşarın məzarı üstünə gedəcəyik, 65 illik yubileyini təbrik edəcəyik. Televiziyalar Yaşarla bağlı yubiley verilişləri təqdim edəcək". 

Xatırladaq ki, Y.Nuri 1951-ci il sentyabrın 3-də Bakıda, aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də dünyasını dəyişib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi