“Xortdanın cəhənnəm məktubları” tamaşası hazırlanır

“Xortdanın cəhənnəm məktubları” tamaşası hazırlanır Tamaşaya kalmık rejissoru quruluş verir
İncəsənət
13 May , 2015 14:38
“Xortdanın cəhənnəm məktubları” tamaşası hazırlanır

Bakı. 13 may. REPORT.AZ/ Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev Bakıya gəlib.

"Report" xəbər verir ki, o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli Azərbaycan dramaturqu Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında eyniadlı tamaşaya quruluş verəcək.

İki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən yeni səhnə əsərinin hazırlıq prosesinə start verilib. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır. Azərbaycan teatr məkanında ilk dəfə müraciət olunan səhnə əsərində rolları əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa edəcək.

Qeyd edək ki, qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiyanın əməkdar incəsənət xadimi Bəhram Osmanov Kalmıkiya Respublikasına ezam olunaraq yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb.

Həmin tamaşanın premyerası isə iyunun 9 və 10-da olacaq.

Son xəbərlər

Orphus sistemi