Xızıda rəsm sərgisinin açılışı olub

Xızıda rəsm sərgisinin açılışı olub Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib
İncəsənət
26 May , 2015 16:40
Xızıda rəsm sərgisinin açılışı olub

Bakı. 26 may. REPORT.AZ/ Xızı rayonunda rəssam, əməkdar incəsənət xadimi Kamal Əhmədin əsərlərindən ibarət sərginin açılışı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, tədbir rayonun Heydər Əliyev Mərkəzində baş tutub.

Sərgi nazirliyin bölgələrdə milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi məqsədilə həyata keçirdiyi yeni layihə əsasında təşkil edilib.

Xızı rayonunda vətəndaşlarla görüş keçirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin açılışında iştirak edib.

Nazir bildirib ki, layihə çərçivəsində müxtəlif şəhər və rayonlarda yerləşən Heydər Əliyev mərkəzlərində, muzey və sərgi salonlarında Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik əsərlərinin təqdimatı keçiriləcək: "Azərbaycan Dövlət Rəsm Qalereyasında 15 mindən artıq əsər mühafizə olunur. İlk dəfə Xızı rayonunda bu layihənin icrasına başlayırıq. Sərgidə Abşeron rəssamlıq məktəbinin nümayəndəsi Kamal Əhmədin əsərləri nümayiş olunur. İnanıram ki, bu əsərlər sərgidə iştirak edən gənc nəslin nümayəndələrində rəssamlığa, incəsənətə böyük həvəs oyadacaq".

Sonra əsərlərə baxış keçirilib.

Qeyd edək ki, sərgidə əməkdar incəsənət xadimi Kamal Əhmədin yağlı boya ilə çəkilmiş "Leyli və Məcnun", "Goradildə kanal", "Goradil kəndi", "Abşeronda bahar", "Abşeronda Novruz bayramı", "Goradil" və "Kompozisiya" adlı rəsmləri yer alıb.

Son xəbərlər

Orphus sistemi