Xan Şuşinski adına III Respublika Muğam Festivalı başlayıb

Xan Şuşinski adına III Respublika Muğam Festivalı başlayıb Festivalın yekun konserti mayın 27-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək
İncəsənət
14 May , 2016 11:37
Xan Şuşinski adına III Respublika Muğam Festivalı başlayıb

Bakı. 14 may. REPORT/AZ/ Görkəmli muğam ustası Xan Şuşinskinin anadan olmasının 115 illiyinə həsr edilən III Respublika Muğam Festivalı başlayıb. 

Bu barədə "Report"a Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun təsisçisi və rəhbəri Bəyimxanım Verdiyeva məlumat verib.

Onun sözlərinə görə, festival Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə keçirilir. Görkəmli xanəndənin yubileyi çərçivəsində təşkil edilən festivalda bədii təhsil müəssisələrinin şagirdləri və tələbləri iştirak edirlər. 

Festivalın məqsədi mahir sənətkar Xan Şuşinskinin xatirəsinin yad edilməsi, onun muğam ifaçılığı üslubunun təbliğ olunması, eləcə də ölkədə muğam ifaçılığı təhsilinin inkişafı, istedadlı məktəbli və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsindən ibarətdir.

Münsiflər heyəti mayın 13-dən 17-dək 2 nömrəli Uşaq İncəsənət Məktəbində festivala qatılanları dinləyəcəklər. 

Festival bir turdan ibarət olub, 2 qrup üzrə (1-ci qrup - uşaq musiqi, incəsənət məktəblərinin şagirdləri, 2-5 siniflər, 2-ci qrup üzrə - 11 illik musiqi məktəblərinin yuxarı sinifləri, 8-11 siniflər, musiqi kolleclərinin 1-4 kurs tələbələri) üzrə keçirilir. Festivalda respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərindən musiqi və humanitar kolleclərdən 220-yə yaxın uşaq və gənclər iştirak edir.

Festival iştirakçılarının çıxışlarını Azərbaycan Milli Konservatoriyasının dosenti, Azəraycan Dövlət Opera və Balet Teatrının solisti, xalq artisti Aygün Bayramovanın sədrliyi ilə Xan Şuşinski Fondunun təsisçisi və rəhbəri, mərhum sənətkarın övladı Bəyimxanım Verdiyeva, Azərbaycan Milli Konservatoriyasının müəllimi, xalq artisti Gülyaz Məmmədova, xalq artisti Azərbaycan Milli Konservatoryiasının baş müəllimi Zabit Nəbizadə, Azərbaycan Milli Konservatoriyasınn müəllimi, əməkdar artist Firuz Səxavətdən ibarət münsiflər heyəti qiymətləndirəcək.Qeyd edək ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz festivalda uğurlu çıxışlara görə Qran-pri, 1, 2, 3-cü dərəcəli diplomar, Fəxri Fərman, Tərifnamə və müvafiq hədiyyələr təsis edib.
Festivalın yekun konserti mayın 27-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Mədəniyyətşünalıq üzrə Elmi-Metodiki Mərkəzin 2016-cı il iş planına əsasən, Xan Şuşinskinin 115 illik yubileyi ilə bağlı elmi konfrans da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi