Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyi qeyd olunub

Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyi qeyd olunub "Teatr üçün darıxmışam"
İncəsənət
23 Fevral , 2016 18:57
Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyi qeyd olunub

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyi qeyd olunub.

"Report" xəbər verir ki, "Nəriman Həsənzadə və teatr" adlanan tədbirdə Nəriman Həsənzadənin teatr fəaliyyətindən danışılıb.

Yubiley tədbirində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edib.

Ədalət Vəliyev Prezident İlham Əliyevin Nəriman Həsənzadəyə ünvanlanan təbrik məktubunu oxuyub.

Məktubu Nəriman Həsənzadəyə təqdim edən Ədalət Vəliyev çıxışında yubilyarla olan dostluğundan danışıb: "Nəriman müəllimlə olan dostluğumuzun tarixçəsi ötən əsrin 80-ci illərinə gedib çıxır. Nəriman müəllimi 40 ildən çoxdur tanıyıram. Bu insanı heç zaman taleyindən küskün, ağlayan, sızlanan görmədim. 85 yaşında da sağlam, müdrik, fikirləri, düşüncələri yerindədir. Nəriman müəllimin oğlu Nazimlə dostluq edirik. Nəriman Həsənzadənin özünə, ailəsinə böyük hörmətim var. Arzu edirəm ki, hər beş ildən bir Nəriman Həsənzadənin yubileyinə yığışaq". 

Tədbirin aparıcısı, xalq artisti Hacı İsmayılov Nəriman Həsənzadənin yubileyinin su çərşənbəsində keçirilməsinin də maraqlı təsadüf olduğunu dilə gətirib.

Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının direktoru, xalq artisti Azərpaşa Nemət deyib ki, Nəriman Həsənzadənin bu gün yubileyinin qeyd olunması əsl teatr bayramıdır, teatr günüdür.

Yubiley tədbirində Nəriman Həsənzadənin "Bütün Şərq bilsin", "Atabəylər", "Pompeyin Qafqaza yürüşü" tamaşalarından parçalar nümayiş etdirilib və həmin tamaşalarda çıxış edən aktyorlar, xalq artistləri Hacı İsmayılov, Ramiz Novruz, Valeh Kərimov, Məleykə Əsədova, Cəfər Namiq Kamal, əməkdar artistlər Əli Nur, Tofiq Bayramov çıxış ediblər.

Xalq artisti, rejissor Ağakişi Kazımov və Mərahim Fərzəlibəyov Nəriman Həsənzadənin Azərbaycan teatrı qarşısında olan böyük xidmətlərindən danışıblar.

Tədbirin sonunda Nəriman Həsənzadə hər kəsə təşəkkürünü bildirib və əlavə edib ki, son illər bir neçə yeni əsər yazıb. Teatr üçün darıxdığını deyən şair yenicə yazdığı əsərin də səhnəyə qoyulmasını arzuladığını söyləyib. 

Son xəbərlər

Orphus sistemi