Xalq artistləri Ağaxan Salmanlının və Yasin Qarayevin yubileyləri qeyd edilib - FOTO

Xalq artistləri Ağaxan Salmanlının və Yasin Qarayevin yubileyləri qeyd edilib - FOTO “Sənətin yaşı olmur”adlı yubiley tədbiri Azərbaycan Dövlət Teatr Muzeyində keçirilib
İncəsənət
24 İyun , 2016 20:12
Xalq artistləri Ağaxan Salmanlının və Yasin Qarayevin yubileyləri qeyd edilib - FOTO

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları, xalq artistləri Ağaxan Salmanlının 75, Yasin Qarayevin 70 illik yubileyləri münasibətilə C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində tədbir keçirilib.

"Report" xəbər verir ki, “Sənətin yaşı olmur”adlı yubiley tədbirində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Milli Dram Teatrının direktoru, xalq artisti Azərpaşa Nemət, Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov, əməkdar incəsənət xadimi, rejissor Ramiz Həsənoğlu, yazıçı-dramaturq Əli Əmirli və aktyorların həmkarları iştirak ediblər.

Teatr Muzeyinin direktoru Sevinc Mikayılova tədbiri açaraq, Azərbaycan Milli Teatrının zəngin tarixə malik olduğundan və teatrımızın səhnəsində bir çox korifey sənətkarların yetişdiyindən danışıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları, xalq artistləri, "Qızıl Dərviş" mükafatçı laureatları Agaxan Salmanlı və Yasin Qarayevin keçdiyi şərəfli sənət yolundan söz açan Sevinc Mikayılova hər iki aktyorun Gənc Tamaşaçılar Teatrında uzun illər fəaliyyət göstərdiyini və bir-birindən maraqlı rollar yaratdığını bildirib.

Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət Ağaxan Salmanlı və Yasin Qarayevlə birgə sənət fəaliyyətindən danışıb.

"Uzun illər əvvəl Gənc Tamaşaçılar Teatrında baş rejissor kimi çalışanda bu aktyorların da yer aldığı tamaşalar hazırladım. Tamaşalarımıza bilet tapılmırdı. 1983-cü ildə C. Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi" əsərini hazırlayanda Ağaxan Salmanlı və Yasin Qarayev həmin tamaşada maraqlı obrazlar ifa etdilər. Hər iki aktyorla tamaşa hazırlamaq çox maraqlıdır. Teatr cəmiyyətin güzgüsüdür. Cəmiyyət hansı vəziyyətdədirsə, teatr da həmin vəziyyətdə olur. Bir zamanlar Şekspir yazırdı ki, Aktyorlar dövrümüzün salnaməsini yazanlardır. Mən bu fikirləri bu gün yubileyi qeyd edilən hər iki aktyorun ünvanına söyləyirəm. Yaşayın, yaradın, yeni rollar ifa edin və dövrümüzün salnaməsini yazın!"

Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov hər iki aktyorun benefisi münasibətilə teatrda yeni tamaşanın hazırlanacağını deyib.

"Yeni teatr mövsümündə Ağaxan Salmanlı və Yasin Qarayevin yubileyləri münasibətilə benefis tamaşası nümayiş etdirəcəyik. Tamaşanı Ağaxan Salmanlı özü seçib, rejissor kimi quruluş verəcək. Sentyabrda tamaşanın məşqlərinə başlanacaq."

Tanınmış aktyor Agaxan Salmanlının oynadıgı tamaşalar sırasında Y.Əzimzadənin “Unutmayın” (Sergey Tulenin), S.Sani Axundovun “Tamahkar” (Əliqulu), C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” (Kərbəlayı Mirzalı), K.Qoldoninin “Məzəli hadisə” (Filibert), Elçinin “Buzovna kəndinin əhvalatları” (Əmirqulu), Dilsuzun “Əlincə qalası” (Həzrəti Übeydulla), K.Agababayev və Nicat Kazımovun ”Rəvayəti-Şahzadeyi-Xəzər” (Dədə Qorqud) və s. göstərmək olar.

Yasin Qarayevin yaratdıgı rollar qalereyası da hər zaman teatr sevərlərin yaddaşındadır. Onun, İ.Məlikzadənin “ Gəl qohum olaq” (Qarakişi), S.Sani Axundovun “Tamahkar” (Qulu), N.B.Vəzirovun “Hacı Qəmbər” (Mahmud), M.F.Axundzadənin “Hacı Qara” (Hacı Qara), F.Məmmədovun “Sirli dəyirman” (Şah), Dilsuzun “Əlincə qalası” (Vəzir), İ.Əfəndiyevin “ Sarıköynəklə Valehin nagılı” (Balaəmi) və s. tamaşalarda yaratdıgı obrazlarını misal göstərmək olar.

Xatırladaq ki, tədbir çərçivəsində hər iki aktyorun həyat və yaradıcılıgını əks etdirən video-çarxlar nümayiş olunub, sənət dostları onlar haqqında xatirələrini danışacıb və musiqi nömrələri səsləndirilib. 

Son xəbərlər

Orphus sistemi