Xalq artistinin yubileyi münasibətilə tamaşa oynanılacaq

Xalq artistinin yubileyi münasibətilə tamaşa oynanılacaq Cəfər Namiq Kamal 65 yaşını səhnədə qeyd edəcək
İncəsənət
29 Aprel , 2015 09:46
Xalq artistinin yubileyi münasibətilə tamaşa oynanılacaq

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Cəfər Namiq Kamalın yubileyidir.

"Report" xəbər verir ki, bu münasibətlə Akademik Milli Dram Teatrında M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası oynanılacaq.

Tamaşada əsas rollardan birini ifa edən aktyor doğum gününü səhnədə qeyd edəcək. C.N.Kamalın iştirak etdiyi tamaşa M.F.Axundzadənin eyniadlı komediyası əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi, mərhum Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, bəstəkarı, xalq artisti Səyavuş Kərimi, rejissor assistenti Xanım Həsənovadır.

Cəfər Namiq Kamal 1950-ci ildə Bakıda doğulub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib. Sənət fəaliyyətinə Gənc Tamaşaçılar Teatrından başlayan aktyor, 1996-cı ildən Milli Dram Teatrında çalışır. O, teatrla yanaşı bədii filmlər və seriallara da çəkilir.

Cəfər Namiq Kamalın böyük qardaşı Azərbaycanın xalq artisti İlham Namiq Kamal da, Azərbaycan teatr və kino sənətinin tanınmış simalarındandır. 



Son xəbərlər

Orphus sistemi