Xalq artisti yubileyini qeyd edir

Xalq artisti yubileyini qeyd edir "Xüsusi təmtərağı sevmirəm"
İncəsənət
2 Aprel , 2015 10:20
Xalq artisti yubileyini qeyd edir

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, Gəncə Dövlət Dram Teatrının aktrisası Pərvanə Qurbanova doğum gününü qeyd edir.

Xalq artisti "Report"a açıqlamasında 50 illik yubileyini ailəsi ilə birlikdə keçirəcəyini deyib:

"Yubileyimi Gəncə Teatrında qeyd etmək istəyirlər. Özüm razı deyiləm. Xüsusi təmtərağı sevmirəm. Bu günü ailəmlə, doğmalarımla birlikdə keçirəcəm".

Qeyd edək ki, Pərvanə Qurbanova 1965-ci ildə anadan olub.

1981-ci ildə Gəncə Dövlət Dram teatrında sənət fəaliyyətinə başlayıb. Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisalarından olan Pərvanə Qurbanova doğma teatrının səhnəsində H.Cavidin “Maral” əsərində Maral, Ş.Qurbanovun "Sənsiz"də Sevinc, N.Həsənzadənin "Atabəylər"ində İnancxatun, Ə.Hacızadənin "İtkin gəlin"də Əfsanə, O.Kamalın “Yad qızı”nda Nazan və s. obrazları ifa edib.

1990-cı ildən bu günədək Gəncə Dövlət Nizami Poeziya teatrında çalışır.

Pərvanə Qurbanova geniş tamaşaçı kütləsinə çəkildiyi film və seriallardan yaxşı tanışdır. Qarabağ müharibəsinə həsr edilən "Haray" filmində ifa etdiyi obraz daha təsirlidir. Xalq artisti P.Qurbanova  rejissor Rövşən İsaxın çəkdiyi "Pərvanələrin rəqsi" serialında maraqlı ana obrazı yaradıb.

Xalq artisti "Qızıl Dərviş" mükafatı laureatıdır. 2014-cü ildə Prezident mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi