Xalq artisti Roza Cəlilovanın 90 illik yubileyi qeyd olunub - FOTO

Xalq artisti Roza Cəlilovanın 90 illik yubileyi qeyd olunub - FOTO Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Xalq artisti Roza Cəlilovanın 90 illiyinə həsr olunan yubiley gecəsi keçirilib.
İncəsənət
17 May , 2019 19:39
Xalq artisti Roza Cəlilovanın 90 illik yubileyi qeyd olunub - FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Xalq artisti Roza Cəlilovanın 90 illiyinə həsr olunan yubiley gecəsi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Roza Cəlilovanın yaradıcılığından danışılıb, sənət fəaliyyətinə nəzər salınıb.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biri olub: "O, Azərbaycan xalq rəqslərinin mahir ifaçılarından birinə çevrilməklə öz sənəti ilə böyük səhnə peşəkarlığına malik olduğunu sübuta yetirə bilib".

Nazir qeyd edib ki , o, özfəaliyyət sisteminin qurulmasında özünəməxsus yer tutan insandır: "Daim Vətəni və mədəniyyəti sevən şəxsiyyətlərdən olub. Azərbaycanda rəqs mədəniyyəti daim yaşayacaq və əminəm ki, tələbələr öz ustadlarının adını yüksəklərə qaldıracaq".

Yubiley tədbirinin səbəbkarı Roza Cəlilova bütün təbriklərə görə Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.

O qeyd edib ki, dövlət başçısı rəqs sənətinə daim diqqət və qayğı göstərib: "Bu diqqət isə mənim üçün ən böyük hədiyyə olub. Yaşa baxmadan gözəl sənətimi daim zirvələrə qaldıracağam və bu mənim borcumdur".

Tədbir konsert proqramı ilə davam edib.

Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri, İranın “Səhər” rəqs kollektivi, habelə “Asiman”, “Dəcəl qızlar”, “Azəri inciləri” gənc rəqs qrupları çıxış ediblər.

Qeyd edək ki, Roza Cəlilova əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında başlayıb. Onun repertuarında milli rəqslərimizdən başqa ərəb, fars və bir sıra digər xalqların rəqsləri də yer tutur. Roza Cəlilova istedadlı xoreoqraf kimi uzun illər ərzində Azərbaycanda keçirilən el şənlikləri, xalq bayramları və bir sıra dövlət tədbirlərinin iştirakçısı olub, kütləvi xalq rəqslərinə quruluşlar verib.

Son xəbərlər

Orphus sistemi