Yuxarı

Xalq artisti Rafiq Əzimov 77 yaşını qeyd edir

Aktyor bu yaxınlarda yeni tamaşanın məşqlərinə başlayacağını bildirib

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan teatr və kinosunun görkəmli aktyoru, xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimovun 77 yaşı tamam olur.

Xalq artisti "Report"a açıqlamasında özünü yaxşı hiss etdiyini deyib.

"Doğma teatrımın səhnəsində obrazlar yaradıram. Məni unutmayıblar. Hər zaman diqqət mərkəzindəyəm", - o bildirib.

Rafiq Əzimov bu yaxınlarda yeni tamaşanın məşqlərinə başlayacağını da bildirib: "Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində yaxın günlərdə İoneskonun "Stullar" əsəri əsasında tamaşa hazırlanacaq. Rejissor Rus Dram Teatrından dəvət edilib. Əsərdə mən, xalq artistləri Həmidə Ömərova və Hacı İsmayılov çıxış edəcəyik. Tamaşanın bədii rəhbəri, əməkdar incəsənət xadimi Azərpaşa Nemətdir. Maraqlı tamaşa olmalıdır. Akademik Milli Dram Teatrının səhnəsində hələlik yeni tamaşada rolum yoxdur. Repertuarda olan əksər tamaşalarda rollarımı ifa edirəm".

Qeyd edək ki, Rafiq Əzimov 1938-ci ildə Bakıda anadan olub. 1962-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında çalışan Rafiq Əzimov 53 ildir doğma teatrının səhnəsindədir. O, Azərbaycan kinosunda da, bir-birindən maraqlı obrazlar ifa edib. R.Əzimov həm də Prezident təqaüdçüsüdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi