Xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyi keçirilib

Xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyi keçirilib Azərpaşa Nemət: "Bütün teatrda onu Şeyx deyə çağırardılar"
İncəsənət
4 Noyabr , 2015 19:59
Xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyi keçirilib

Bakı. 4 noyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

"Report" xəbər verir ki, yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə təşkil edilib. Tədbirdə Məmmədrza Şeyxzamanovun ailə üzvləri, dostları, sənət yoldaşları iştirak edib. Eyni zamanda, teatrın foyesində Azərbaycan Dövlət Teatr Muzeyinin təşkil etdiyi fotosərgi nümayiş etdirilib. Yubiley mərasiminin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi, Çingiz Ələsgərlidir.

Yubiley tədbirini Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru, xalq artisti Azərpaşa Nemət açaraq, Məmmədrza Şeyxzamanovla bir zamanlar qonşu olduqlarını deyib: "Məmmədrza Şeyxzamanov az danışan adam idi. Ağır xasiyyəti var idi. Bütün teatrda onu Şeyx deyə çağırardılar. Onun səsi təkrarolunmaz idi. Gözəl bariton səsə sahib idi. İndi belə səslər azdır".

Xalq artisti, rejissor Ağakişi Kazımov Məmmədrza Şeyxzamanovun çoxşaxəli aktyor olduğunu deyib: "Əhməd haradadır?"da olan Şirin hara, "Tütək səsi"ndə olan İsfəndiyar kişi hara? Başqa-başqa obrazlardır. Hələ "Nəsimi"də Şeyx Əzəm. Belə sənətkarlar əvəzolunmazdır".

Tədbirdə Məmmədrza Şeyxzamanovun digər sənət dostlarından xalq artistləri - Rafiq Əzimov, Ramiz Məlik, Hacı İsmayılov, əməkdar artist, kinorejissor Elxan Qasımov çıxış edərək, görkəmli sənətkarın həyat və yaradıcılığından danışıb, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.

Eyni zamanda, Məmmədrza Şeyxzamanovun 1937-ci ildə repressiya ilə üzləşməsindən bəhs olunan səhnə yubiley iştirakçılarının ixtiyarına verilib.

Qeyd edək ki, Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilib. İlk dəfə Ə.Həmidin “Hind qızı” tamaşasında Brahma adlı kiçik rolda çıxış edib. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmri ilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb.

Teatrda “Göz həkimi”ndə Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi, “Vaqif”də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb.

M.Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə “Bəxtiyar” filmində Rəcəbov rolu ilə çıxıb. Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradıb.

1963-cü ildə Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - “Əhməd haradadır?”da Şirin kişi rolunda çıxış edib.

1976-cı ildə sənətkar daha bir yaddaqalan obrazını yaradıb. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində İsfəndiyar kişi rolunda çıxış edib.

M.Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat edib.

Xatırladaq ki, Məmmədrza Şeyxzamanov 1984-cü ildə ölümündən sonra dövlət mükafatı alan yeganə aktyordur.

Dövlət mükafatı M.Şeyxzamanova H.Cavidin "İblis" faciəsində ifa etdiyi İxtiyar obrazına görə təqdim edilib.

Son xəbərlər

Orphus sistemi