Xalq artisti "Karmen"obrazını caz üslubunda ifa edəcək

Xalq artisti "Karmen"obrazını caz üslubunda ifa edəcək Fidan Hacıyeva konsertində baş verəcək yeniliklərdən danışıb
İncəsənət
3 Aprel , 2015 20:48
Xalq artisti Karmenobrazını caz üslubunda ifa edəcək

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva aprelin 19-da "Bir bahar axşamı" adlı solo-konsert proqramı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, konsert proqramı Heydər Əliyev Sarayında keçiriləcək.

Konsertdən əvvəl yenicə xalq artisti adını alan Fidan Hacıyeva media nümayəndələri üçün görüş keçirib. Ona layiq görülən fəxri ada görə dövlət başçısına təşəkkürünü bildirən Fidan Hacıyeva hər zaman Azərbaycanın adını uca tutduğunu deyib: "Vətənimi çox sevirəm. Xarici ölkələrdə tez-tez konsert proqramı ilə çıxış edirəm. Amma heç zaman Azərbaycandan kənarda yaşamağı ağlıma gətirə bilmirəm. Mən torpağıma bağlıyam"

Fidan Hacıyeva ötən il Heydər Əliyev Sarayında "Sevgili-canan" adlı solo-konsert proqramını aprelin 19-da təqdim etdiyini bildirərək, 2015-ci ildə yenidən aprelin 19-da konsert prqoramı ilə çıxış edəcəyini isə maraqlı təsadüf adlandırıb: "Bu il keçirəcəyim solo-konsert proqramı eyni ayda və eyni gündə olacaq. "Bir bahar axşamı" adlı konsertdə tamaşaçılara maraqlı proqram təqdim edəcəm. Konsertdə ilk dəfə R.Behbudov adına Mahnı Teatrının estrada-simfonik orkestri ilə çıxış edəcəm. Onu da bildirim ki, bu orkestrlə ilk dəfə mən konsert verəcəm. Orkesrtin bədii rəhbəri istedadlı musiqiçi Salman Qəmbərovdur. Bu konsertdə daha bir yenilik ondan ibarətdir ki, ötən konsertdə klassik operalardan parçalar və romanslar səslənmişdi. Bu dəfə isə konsert proqramıma bəstəkar mahnıları daxil edilib".

Qeyd edək ki, "Bir bahar axşamı" adlı solo-konsert proqramında xalq artisti Fidan Hacıyeva gənc müğənni Ələsgər Əliyevlə duet oxuyacaq. İki hissədən ibarət olacaq konsert proqramının rejissoru Heydər Əliyev Sarayının baş rejissoru Gülçöhrə Şəfiyeva və Cavid İmamverdiyevdir. Konsertdə ifa ediləcək hər əsərə uyğun hazırlanmış slayd-şou nümayiş ediləcək.

Xatırladaq ki, ötən konsertdə Fidan Hacıyeva qızının ideyası ilə hazırlanan səhnə kostyumunda çıxış edib. Bu dəfə isə xalq artisti səhnədə qızı ilə birlikdə duet oxuyacaq. Konsertin maraqlı sürprizlərindən biri də Fidan Hacıyevanın "Karmen" operasından bir partiyanı caz üslubunda ifa etməsi olacaq. 

Bundan əlavə, Akademik Opera və Balet Teatrının solisti olan Fidan Hacıyeva Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" operettasında Gülçöhrə rolunda çıxış edəcək. Hazırda teatrda operettanın məşqləri aparılır. 

Qeyd edək ki, mayda "Arşın mal alan" operettasının yeni quruluşda premyerası olacaq.

Son xəbərlər

Orphus sistemi