Yuxarı
    Bağlamaq

    Xalq artisti Gülağa Məmmədovun 90 illik yubileyidir

    Uzun müddət Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrinin solisti olan sənətkar 1994-cü il iyunun 7-də 68 yaşında vəfat edib

    Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün xalq artisti, mərhum Gülağa Məmmədovun doğum günüdür.

    "Report" xəbər verir ki, mərhum sənətkarın 90 yaşı tamam olur.

    G.Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində dünyaya gəlib. Uşaqlıq illəri Bakıda keçib.

    Uşaqlıqdan musiqiyə böyük marağı olan G.Məmmədov tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyarmış. 12 yaşında olarkən, təsadüfən küçələrindən keçən dahi bəstəkar Üzeyir bəy Hacıbəyli məlahətli uşaq səsi eşidərək ayaq saxlayır. Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. G.Məmmədovun səsinə valeh olan bəstəkar həyətə keçir və balaca istedadla tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Azyaşlı Gülağa Üzeyir bəy, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarların Münsiflər Heyətinin tərkibində olduğu müsabiqədə iştirak edir və səsi bəyənilir.

    Beləliklə, G.Məmmədov 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Böyük Teatrın səhnəsində Maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun ariyası böyük alqışlarla qarşılanır.

    15 yaşı olanda onu Səid Rüstəmovun ansamblına qəbul edirlər. Sonra Konservatoriyada təhsil alır. 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayan G.Məmmədov "Arşın mal alan", "Beşmanatlıq gəlin" digər tamaşalarda baş rolları oynayır. Lakin bir neçə ildən sonra teatrdan ayrılır. Konservatoriyada oxuduğu illərdə G.Məmmədov vokal dərsini Bülbüldən, muğamın sirlərini isə Sarabskidən öyrənir. Oxuduğu mahnıların çoxu isə Səid Rüstəmova məxsus olur. Çünki, S.Rüstəmov mahnılarının əksəriyyətini xüsusi olaraq onun üçün yazıb. Tofiq Quliyevin və Cahangir Cahangirovun əsərlərini ilk səsləndirən müğənni Gülağa Məmmədov olub.

    Uzun müddət Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrinin solisti olan Gülağa Məmmədov 1994-cü il iyunun 7-də 68 yaşında vəfat edib.

    Onun lent yazıları Azərbaycan Televiziyası və Radiosunun Qızıl Fondunda qorunub saxlanır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi