Xalq artisti Fidan Hacıyeva mətbuat konfransı keçirib

Xalq artisti Fidan Hacıyeva mətbuat konfransı keçirib “Asyadan sonra ilk dəfə Gülçöhrə obrazı ilə səhnəyə çıxacam”
İncəsənət
11 Noyabr , 2015 16:45
Xalq artisti Fidan Hacıyeva mətbuat konfransı keçirib

Bakı. 11 noyabr. REPORT.AZ/ Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının nümayişi olacaq.

"Report" xəbər verir ki, bu münasibətlə tamaşada ilk dəfə baş rolu - Gülçöhrə obrazını ifa edəcək, xalq artisti Fidan Hacıyeva mətbuat konfransı keçirib.

Fidan Hacıyeva dahi Üzeyir bəyin ölməz operettasında səhnəyə çıxacağından qürur duyduğunu deyib: "Uzun illər bu tamaşada Asya rolunu ifa etmişəm. Asyadan sonra Gülçöhrə obrazını ifa etmək mənə çox maraqlıdır. Asya özünü çox sevir, şıltaqdır, amma Gülçöhrə romantik, duyğulu qızdır. Fərqli surətlərdir. Üzeyir bəy Gülçöhrə obrazını soprano səs üçün yazıb. Mənim səsim isə metso-sopranodur. Amma Gülçöhrənin partiyaları məndə uğurlu alınır. Əsərdə Gülçöhrənin 5 mühüm ariyası var. Səhnə məşqləri bitib. Hazırda orkestrin məşqləri davam edir".

Tamaşanı gənc dirijor Əyyub Quliyev idarə edəcək.

Əsgər rolunda əməkdar artist Fərid Əliyev, Cahan xala rolunda əməkdar artist Gülüstan Əliyeva, Soltan bəy rolunda əməkdar artist Yadigar Muradov, Süleyman rolunda Tural Ağasıyev, Telli rolunda xalq artisti Gülyaz Məmmədova, Vəli rolunda isə əməkdar artist Ələkbər Əliyev çıxış edəcək.

Qeyd edək ki, 1998-ci ildə əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuş "Arşın mal alan" artıq 17 ildir ki, fasiləsiz olaraq teatrın repertuarındadır.

Fifan Hacıyeva Opera və Balet Teatrının səhnəsində indiyə kimi Karmen ("Karmen"), Amneris ("Aida"), Azuçena ("Trubadur"), Rozina ("Sevilya bərbəri"), Gülüş ("Sevil"), Asya ("Arşın mal alan"), Xanəndə qız ("Koroğlu") və s. rol və partiyaları yüksək professionallıqla ifa edib.

Son xəbərlər

Orphus sistemi