Xalq artisti 75 illik yubileyini qeyd edib

Xalq artisti 75 illik yubileyini qeyd edib Elmira Şabanova: "Öz adımı köhnə sənətkarların sırasına yaza bilmişəm"
İncəsənət
2 Noyabr , 2015 18:09
Xalq artisti 75 illik yubileyini qeyd edib

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, aktrisa Elmira Şabanova 75 illik yubileyini qeyd edib. 

Xalq artisti "Report"a açıqlamasında deyib ki, ötən illərdən fərqli olaraq budəfəki doğum gününü sadə keçirib. 

E.Şabanova ad günündə xeyli təbrik aldığını söyləyib: "Noyabrın 1-də 75 yaşım tamam oldu. Məni unutmayanlara, zəng edib təbrik edənlərə, gül göndərənlərə təşəkkür edirəm. Yubiley olsa da, ad günümü sadə qeyd etdim. Övladlarım, nəvələrim məni təbrik etdi. Bu mənə bəsdir. Əsas odur ki, yaxşıyam". 

Xalq artisti deyib ki, evdə oturub internetdə oğlunun çəkdiyi filmlərə baxır: "Oğlum Fuad Şabanov kinorejissordur. Uzun illərdir Moskvada televiziyada çalışır. Bu yaxınlarda "Rossiya" kanalında 16 seriyalı film çəkib. Çox istedadlıdır. Özüm isə sonuncu dəfə İlqar Safatın filmində çəkilmişəm. Bədii filmlərdə çəkilə bilərəm. Amma serial təkliflərinə daha razılıq vermirəm. Maraqlı deyil. Mənim dövrümdə sənət yüksəklərdə idi. İndi isə hər şey dəyişib. Öz adımı köhnə sənətkarların sırasına yaza bilmişəm. Bundan sonra hər şey maraqsızdır"

Xatırladaq ki, Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakıda anadan olub. M.A.Əliyev adına ADİİ-da əvvəlcə aktyorluq, sonra rejissorluq fakültəsini bitirib. 1969-cu ildən M.A.Əliyev adına ADİİ-da müəllim və dosent vəzifələrində çalışıb. O, 1980-1995-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında 17 bədii filmdə çəkilib. Radio və televiziya tamaşalarında bir sıra maraqlı obrazlar yaradıb. Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur. 

Son xəbərlər

Orphus sistemi