Xalça Muzeyində “Zamanın elçisi xalça” adlı bayram tədbiri keçirilib

Xalça Muzeyində “Zamanın elçisi xalça” adlı bayram tədbiri keçirilib Tədbir Xalça Günü və Lətif Kərimovun doğum gününə həsr olunub
İncəsənət
17 Noyabr , 2015 21:09
Xalça Muzeyində “Zamanın elçisi xalça” adlı bayram tədbiri keçirilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində Azərbaycan Xalçası Günü və görkəmli alim, xalçaçı rəssam Lətif Kərimovun doğum gününə həsr olunmuş “Zamanın elçisi xalça” adlı bayram tədbiri keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan xalçası 2010-cu il noyabrın 16-dan dünya mədəniyyətinin tərkibinə daxil edilib.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə həmin tarixdə Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Ona görə də qərara alınıb ki, hər il 16 noyabr tarixi ölkəmizdə Xalça Bayramı Günü kimi qeyd edilsin.

Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun verdiyi məlumata görə, tədbir çərçivəsində muzeyin ekspozisiyasında “Tarix yazan xalçalar” adlı el sənətkarlarının toxuduğu xalçalardan, L.Kərimovun doğum gününə həsr olunmuş “Bir ömrün sehirli ilmələri” adlı sərgisi və Lətif Kərimovun sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının əsərlərinin nümayiş etdirildiyi “Sənəti yaşadanlar” adlı sərgilərin açılışı olub.

Xalq sənətkarlarının toxuduğu xalçalardan ibarət “Tarix yazan xalçalar” adlı sərgini muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva açaraq milli irsimiz olan xalçaların dünya mədəniyyətinin tərkib hissəsi olduğunu bildirib.

Direktor eyni zamanda “Tarix yazan xalçalar” sərgisindən danışıb: “Bu sərgiyə Quba, Gəncə və digər regionların ustalarının xalçaları və “Azərxalça” müəssisəsində toxunan xalçalar da təqdim edilib. Burada Azərbaycan xalça məktəblərinə xas olan bir sıra kompozisiyalar, rəngkarlıq əsərlərinin xalçaya köçürülmüş surətlərini, portert xalçaları və digər süjetli xalça kompozisiyalarını görmək olar. Bununla yanaşı, sərgidə kiçik kilim, palaz kimi xovsuz xalçalar, eləcə də kiçik ölçülü suvenir xalçalar da təqdim olunur”.

“Bir ömrün sehirli ilmələri” adlı sərgi isə dünya şöhrətli sənətkar, xalçaçı rəssam dünyada ilk Xalça Muzeyinin yaradıcısı Lətif Kərimovu bir daha dərin hörmət və rəğbət hissi ilə anmaq, onun Azərbaycan xalçaçılıq sənətinə gətirdiyi yeniliklər və töhfələr haqqında geniş tamaşaçı kütləsini məlumatlandırmaqdır. Azərbaycan xalça elminin banisi Lətif Kərimov uzun elmi və pedaqoji fəaliyyəti ərzində onun yolunu davam etdirən bir çox istedadlı sənətşünas yetişdirib. Bir çox gənc rəssamlar, xalçaçılar onun qoyduğu irsdən bəhrələnərək yeni-yeni sənət nümunələri yaradıb.

Onlardan görkəmli xalçaçı - rəssamlar Məmmədhüseyn Hüseynov, Aydın Rəcəbov, Əlisəfa Nuriyev, Adil Məmmədov, Arif Nuriyev, Eldar Mikayılzadə, Mətanət Aslanova, Humayə Məmmədova çıxış edərək böyük alim haqqında ürək sözlərini bildiriblər.

Muzeyin ekspozisiyasındakı “Sənəti yaşadanlar” adlı sərgidə Lətif Kərimovun sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının diplom işləri - xalçalar, xalça eskizləri nümayiş olunur. Burada həm həndəsi, həm nəbati elementlərin, yeni çalarların istifadə olunduğu bu əl işlərini ərsəyə gətirərkən gənc rəssamlar Lətif Kərimov irsindən bəhrələnib, ondan ilham alıblar. Azərbaycan xalça sənəti nəsillərdən nəsillərə ötürülərək inkişaf edir, dəyişir, yeni motivlərlə zənginləşir. Gənc ustalar da öz işlərində xalça sənətinin özülünü saxlamaqla bu sənətə yeni nəfəs gətirirlər. Bu, təqdim olunmuş nümünələrdə də öz əksini tapıb.

Bunlardan əlavə, burada gənc xalçaçı rəssamların “Azərbaycan Odlar yurdu”, “Məhəbbət əfsanəsi”, “Azərbaycan Prezidenti İlham Əliyev”, çərçivədə kiçik ölçülü xalçalar və eskizlər, “Xeyir və şər”, “Dəvə karvanı”,“Nar şəhəri”, “Naturimort”, “Bismillah”, “Zülfüqar qılıncı”, “Bayraqdan xəritə”, “Çərşənbə butaları”, “Atlı qız” və s. əsərləri sərgilənir.

Tədbirin sonunda qonaqlara Könül Xasıyeva, Gülyaz Məmmədova, əməkdar artistlər Fərqanə Qasımova , Teyyub Aslanovun həmçinin gənc opera ifaçısı Gülşən İbadovanın və digər gənc müğənnilərin ifasında konsert proqramı təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi