Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə Akademiyanın Muzey-Sərgi Kompleksində "Vətənin müdafiəsinə hazıram!" mövzusunda sərgi keçirilib.
"Report" xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Vətənin müdafiəsinə hazıram!" adlı rəsm sərgisinin yekunu ilə əlaqədar keçirilən bu sərgidə yaşı 18-dək olan şəxslərin vətənpərvərlik ruhunu tərənnüm edən 400-dək rəsm əsəri nümayiş etdirilib.
Sərginin açılışında Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bu müsabiqənin gənc nəslin milli-dövlətçilik ruhunda tərbiyə edilməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb və qalib gəlmiş iştirakçıları təbrik edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin I müavini, polkovnik Zaur Abdullayev çıxış edərək bildirib ki, müsabiqəyə respublikanın demək olar ki, bütün rayon və şəhərlərindən iştirakçılar qatılıb, onların içərisindən ən layiqliləri seçilərək mükafatlandırılıb.
Mükafatlandırılma mərasimində I yerə Anar Bayramov layiq görülüb və 1000 manat pul mükafatı qazanıb. Yerdə qalan iştirakçılar 2-3-cü yerlər 500 manat, 10 nəfər isə 100 manat məbləğində həvəsləndirici mükafatlara sahib olublar.