Yuxarı

Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd ediləcək

Yubiley tədbiri sentyabrın 25-də Milli Dram Teatrının kiçik səhnəsində baş tutacaq

Bakı. 19 avqust. REPORT.AZ/ Akademik Milli Dram Teatrında Azərbaycanın əməkdar artisti, mərhum aktrisa Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd olunacaq. 

"Report" xəbər verir ki, sentyabrın 25-də baş tutacaq xatirə tədbirində aktrisanın sənət dostları, yaxınları, mədəniyyət işçiləri iştirak edəcək. 

V.Fətullayevanın 70 yaşı avqustun 25-də tamam olur. Milli Dram Teatrı hazırda tətildə olduğundan, tədbir sentyabrın 25-də keçiriləcək. 

Xatırladaq ki, əməkdar artist, dövlət mükafatı laureatı Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda anadan olub. O, 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. İlk dəfə uşaq olarkən çıxdığı doğma səhnəyə ömrünün sonunadək sadiq qalıb. Milli Dram Teatrının səhnəsində İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə, "Mahnı dağlarda qaldı" tamaşasında Gülgəz, M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasında Şərəfnisə, M.İbrahimovun "Kəndçi qızı" əsərində Bənövşə, Anarın "Sizi deyib gəlmişəm" tamaşasında Zeynəb və s. maraqlı obrazlar yaradıb. 

Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan əməkdar artist 1987-ci il mayın 21-də 42 yaşında vəfat edib.

Qeyd edək ki, V.Fətullayeva görkəmli aktrisa, SSRİ xalq artisti Hökumə Qurbanova və Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayevin övladıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi