Aktrisa Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd edilib

Aktrisa Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd edilib Tədbir aktrisanın doğma teatrı - Akademik Milli Dram Teatrında keçirilib
İncəsənət
30 Sentyabr , 2015 18:37
Aktrisa Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd edilib

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın əməkdar artisti, mərhum aktrisa Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd edilib.

"Report" xəbər verir ki, xatirə tədbiri aktrisanın sənət dostları, yaxınları, mədəniyyət xadimlərinin iştirakı ilə keçirilib. Mərasimi teatrşünas, professor Məryəm Əlizadə aparıb. 

M.Əlizadə bildirib ki, Vəfa xoşbəxt aktrisa idi: "Vəfa uşaq kimi saf idi, təmiz idi. Vəfa həm sevdi, həm də sevildi. O, 28 ildir bizim aramızda yoxdur. Amma unudulmayıb, xatırlanır. Onu həyatda görməyənlər belə bu xanımı, gözəl aktrisanı çox sevirlər".

Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət isə Vəfa Fətullayevanın Azərbaycan teatrının görkəmli xanım aktrisalarından biri olduğunu deyib: "Vəfa xanım oynadığı rolların öhdəsindən gələn, maraqlı fikirləri olan, ehtiraslı, çılğın xanım olub. Mən və valideynlərim bu ailə ilə çox yaxın olmuşuq. Mən Hökumə xanımla yaxınlıq etməyə həmişə çəkinərdim. Bizim Hökumə xanımla münasibətlərimizin kökü də məhz Vəfa xanımla bağlıdır. Vəfanın böyüklüyü indi görünür. O, qrimdən, qeyri-adi bəzəkdən istifadə etməzdi. Vəfa obrazı səsi, baxışı ilə dəyişərdi. Bu gün belə aktrisamız çatmır".

Azərbaycanın  xalq artisti Flora Kərimova da çıxış edərək Vəfa Fətullayeva ilə bağlı fikirlərini bölüşüb, həmçinin mahnı ifa edib.

Tədbirdə həmçinin Vəfa Fətullayevanın sənət dostu, xalq artisti Ramiz Məlik, Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafiq Əzimov və başqaları da çıxış edərək, mərhum sənətçi ilə bağlı xatirələrini bölüşüblər.

Xatırladaq ki, əməkdar artist, dövlət mükafatı laureatı Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda anadan olub. O, 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. İlk dəfə uşaq olarkən çıxdığı doğma səhnəyə ömrünün sonunadək sadiq qalıb. Milli Dram Teatrının səhnəsində İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə, "Mahnı dağlarda qaldı" tamaşasında Gülgəz, M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasında Şərəfnisə, M.İbrahimovun "Kəndçi qızı" əsərində Bənövşə, Anarın "Sizi deyib gəlmişəm" tamaşasında Zeynəb və s. maraqlı obrazlar yaradıb.

Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan əməkdar artist 1987-ci il mayın 21-də 42 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi