Yuxarı

Vaqif Mustafazadənin 75 illik yubileyi ilə bağlı tədbir keçirilib

İçərişəhərdə Vaqifsayağı Caz Festivalının açılışı olub

Bakı. 16 mart. REPORT.AZ/ Martın 16-sı bəstəkar, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin ad günüdür. 

"Report" xəbər verir ki, bu münasibətlə İçərişəhərdə "Vaqifsayağı" Caz Festivalının açılışı olub.

Festival Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Gilan Holdinq”in baş sponsorluğu, Azərbaycan Dövlət Filarmoniyasının texniki dəstəyi və “Voice of Azerbaijan” teleradiosunun təşkilatçılığı ilə baş tutub.

Festivalın əsas təşkilatçısı Şakir Eminbəyli və Rahib Azərinin təşəbbüsü ilə səhər saatlarında Vaqif Mustafazadənin məzarı ziyarət edilib, mərhumun ruhuna dualar oxunub.

Sonra festival iştirakçıları və media nümayəndələri Vaqif Mustafazadənin İçərişəhərdə olan ev muzeyini ziyarət ediblər. Muzeydə Vaqifin caz dünyası, musiqi aləmi, insan kimi xasiyyətləri barəsində onun dostları, qohumları danışıb.

Ev muzeyinin direktoru, V.Mustafazadənin dayısı qızı Afaq Əliyeva martın 16-nın Vaqifin bayramı olduğunu deyib: "Bu gün bütünlüklə Vaqifə həsr edilib. "Vaqifsayağı" adlanan festival axşam saatlarınadək İçərişəhərdə açıq havada qeyd ediləcək. Axşam Bakı Caz Mərkəzində Akif Süleymanbəylinin iştirakı ilə caz konserti keçiriləcək. Sabah isə Mahnı Teatrında Vaqifin xatirəsini yad edəcəyik"

Festivalın təşkilatçısı Rahib Azəri Vaqif Mustafazadəni ilin bir günü deyil, hər gün xatırlanmasının vacib olduğunu vurğulayıb: "Vaqif Mustafazadə adı çəkiləndə, onun musiqiləri səslənəndə gözümüz önündə köhnə Bakı canlanır. Bakının küçələri, İçərişəhərin əyri-dolanbac yolları bunlar Bakının ruhudur. Vaqifin ruhu İçərişəhərdə gəzir, onun ecazkar musiqisi hər kəsin qəlbində, xatirəsində yaşayır. Vaqif Mustafazadə bu dünyada cəmi 39 il ömür sürüb. Amma özündən sonra nələr qoyub gedib. Vaqif 36 ildir aramızda yoxdur. Amma o tanınır, sevilir, xatırlanır. Nə qədər Bakı var, caz musiqisi var, cazı sevənlər, dinləyənlər var, Vaqifin ruhu, xatirəsi bizlər üçün əziz olaraq qalacaq". 

V.Mustafazadənin ev muzeyində davam edən tədbir İçərişəhərin qala divarları qarşısında davam edib. Festivalın açılışını Rahib Azəri edib. Musiqiçilər İlham Nəcəfov və Akif Süleymanbəyli havanın soyuq olmasına baxmayaraq, İçərişəhərə toplaşan Vaqifsevərlərə unudulmuz konsert proqramı bəxş ediblər.

Xatırladaq ki, Vaqif Mustafazadə 1940-cı ildə Bakıda, İçərişəhərdə anadan olub.

Atasının ölümündən sonra, anası Zivər xanım Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. Zivər xanım dahi Üzeyir bəyin tələbəsi idi və musiqi müəlliməsi kimi dərs deyirdi.

Vaqif Mustafazadə 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. O, beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.

1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır.

V.Mustafazadə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi caz-muğam adlanırdı. Vaqif Mustafazadə Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

1979-cu il dekabrın 16-da Vaqif Mustafazdə Daşkənddə qastrolda olarkən ürək tutmasından vəfat edir.

1982-ci ildə ölümündən sonra Vaqif Mustafazdəyə Azərbaycan dövlət mükafatı verilib.

Qeyd edək ki, Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr edilən təntənəli mərasim aprelin 10-da Heydər Əliyev Sarayında keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi