Yuxarı

Uzun müddət teatrdan uzaqlaşan Fəxrəddin Manafov Akademik Milli Dram Teatrında səhnəyə çıxacaq

O, Fuad Poladovla eyni tamaşada rol alacaq

Bakı. 17 iyul. REPORT.AZ/ Tanınmış aktyor, xalq artisti Fəxrəddin Manafov Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.

Bu barədə "Report"a Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov məlumat verib.

Onun sözlərinə görə, yeni teatr mövsümündə xalq artisti Fəxrəddin Manafov və əməkdar artist Mehriban Zəki Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. F.Manafov Elçinin "Cəhənnəm sakinləri" əsərində baş rolu oynayacaq. M.Zəki isə Erik Şmidtin "Müsyö İbrahim və Quran çiçəyi" əsərində rol alacaq. Hər iki tamaşanın premyerası yeni teatr mövsümündə olacaq.

Yeni mövsümdə Milli Dram Teatrının səhnəsində maraqlı səhnə əsərlərinin tamaşaya qoyulacağını deyən İ.İsrafilov xalq artistləri Fuad Poladov və Fəxrəddin Manafovun eyni tamaşada çıxış edəcəyini bildirib: "Yeni mövsümdə teatrın repertuarına maraqlı tamaşalar daxil ediləcək, səhnəmizdə yeni simalar görünəcək. Xalq artisti Fəxrəddin Manafovu Milli Dram Teatrına dəvət etmişik. İki tanınmış sənətkarın - Fuad Poladov və Fəxrəddin Manafovun birlikdə çıxış edəcəyi yeni səhnə əsəri hazırlayırıq".

Xatırladaq ki, xalq artisti Fəxrəddin Manafov uzun zamandır heç bir teatrda səhnəyə çıxmır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi