Ukrayna və Belarus sənətçiləri Azərbaycanın Opera və Balet Teatrında çıxış edəcəklər

Ukrayna və Belarus sənətçiləri Azərbaycanın Opera və Balet Teatrında çıxış edəcəklər Teatrda Cüzeppe Verdinin iki əsəri nümayiş olunacaq
İncəsənət
21 Yanvar , 2016 17:13
Ukrayna və Belarus sənətçiləri Azərbaycanın Opera və Balet Teatrında çıxış edəcəklər

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin iki əsəri nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 23-də C.Verdinin “Traviata” və yanvarın 30-da isə “Aida” operalarının tamaşaları təqdim ediləcək.

Uzun illərdən bəri teatrın repertuarında olan hər iki tamaşada Opera və Balet Teatrının solistləri ilə yanaşı, vaxtaşırı müxtəlif ölkələrdən dəvət olunan vokal ulduzları da çıxış edir.

Yanvarın 23-də baş tutacaq “Traviata” operasının tamaşasında Violetta partiyasını əməkdar artist İlahə Əfəndiyeva, Alfred rolunu isə əməkdar artist Fərid Əliyev ifa edəcək.

Jermon partiyasında çıxış etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın əməkdar artisti Dmitri Qrişin dəvət olunub. Tamaşada həmçinin xalq artisti Əli Əsgərov (Markiz), əməkdar artistlər Səbinə Vahabzadə (Flora) və Anton Ferştandt (Doktor) çıxış edəcək.

Tamaşanı dirijor Əyyub Quliyev idarə edəcək.

Yanvarın 30-da keçiriləcək “Aida” operasında isə azərbaycanlı opera sənətçiləri - xalq artisti Əli Əsgərov (Misir şahı), əməkdar artistlər Səbinə Vahabzadə (Amneris), Əkrəm Poladov (Ramfis), Gülnaz İsmayılova (Kahin qadın) ilə yanaşı, həm də Ukraynanın əməkdar artistləri Viktoriya Çenskaya (Aida) və Dmitri Qrişin, belaruslu vokalçı, Belarusun xalq artisti Sergey Frankovski (Radames) çıxış edəcək.

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

Son xəbərlər

Orphus sistemi