Yuxarı
    Bağlamaq

    "Üçüncü günün adamı" filminin mətbuat üçün təqdimatı keçirilib

    Ekran əsəri Qarabağ mövzusundadır

    Bakı. 23 iyun. REPORT.AZ/ Nizami Kino Mərkəzində "Üçüncü günün adamı" filminin mətbuat üçün təqdimatı keçirilib.

    "Report" xəbər verir ki, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşviq Hətəmov bildirib ki, bundan sonra yeni filmlərin təqdimatından əvvəl mətbuatla görüş keçiriləcək.

    O qeyd edib ki, bu layihə KİV nümayəndələrinin filmlərlə yaxından tanış olmaları və yeni ekran əsərlərini ictimaiyyətə tanıtmaları məqsədilə reallaşdırılır. 

    M.Hətəmov mətbuatdan gileylənib: "Son dövrlərdəki qeyri-peşəkar yazılar yaxud düzgün qiymətləndirilməmələr onu göstərdi ki, ən yaxşı vasitə mətbuat nümayəndələrinin iştirakı ilə filmləri təqdim etməkdir. Biz kinoda olan bütün problemləri mətbuatla açıq müzakirə etməyə hazırıq. İstəyirik ki, mətbuat yeni filmləri qiymətləndirsin və tamaşaçı cəlb etməkdə bizə köməklik göstərsin". 

    Qeyd edək ki, Babək Şirinsifətin “Üçüncü günün adamı” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsəri Qarabağ mövzusundadır. Belə ki, uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır – ata-anasının qəbirlərini ziyarət edə bilir.

    Filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. 

    Filmdə Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa, Ayşad Məmmədov kimi aktyorlar çəkiliblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi