Yuxarı
    Bağlamaq

    TÜRKSOY "Opera Günləri" keçirəcək

    Azərbaycanın Opera və Balet Teatrının solistləri mərasimlərdə iştirak edəcək

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olan “Opera Günləri” 18-ci dəfə sənətçiləri bir araya gətirəcək.

    "Report" xəbər verir ki, sentyabrın 15-dən 24-dək davam edəcək 18-ci TÜRKSOY Opera Günlərinin konsertləri Türkiyədə və Şimali Kiprdə baş tutacaq.
    Quruma üzv ölkələrin opera və balet sənətçiləri sentyabrın 15-də İstanbulda, 17-18-də Şimali Kiprdə çıxış edəcək, 23-24 sentyabrda isə Antalyada keçiriləcək 22-ci Beynəlxalq Aspendos Opera və Balet Festivalında TÜRKSOY gecəsində iştirak edəcəklər.
    TÜRKSOY Opera Günlərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Tatarıstan, Başqırdıstan, Çin və Şimali Kiprdən 24 sənətçi iştirak edəcək. Azərbaycanı bu tədbirdə Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fəridə Məmmədova (soprano), İlham Nəzərov (tenor) və balet cütlüyü Ayan Eyvazova və Anar Mikayılov təmsil edəcək.
    TÜRKSOY Opera Günləri iştirakçılarının qatılacağı Beynəlxalq Aspendos Opera və Balet Festivalı 2 min illik antik Aspendos teatrının tarixini yaşadan, dünyaya tanıdan layihədir.

    Türkiyənin mədəni turizminə və tanıdılmasına da töhfə verən festivalda bu il 3 konsert proqramı, 2 balet və 2 opera təqdim olunacaq. Antik teatr tamaşaçılarına gözəl, əsrarəngiz, zövqlü yeddi gecə yaşadacaq festivalda İzmir, Mersin, Ankara, Antalya Dövlət Opera və Balet Müdirlikləri ilə yanaşı, əcnəbi qrup və solistlər də yer alacaq. Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Türkmənistan, Türkiyə sənətçiləri iştirak edəcək. Tədbirə Koreya və Bolqarıstandan da opera və balet ifaçıları qatılacaq.
    Festival ənənəvi olaraq “TÜRKSOY Opera və Balet Ulduzları” konserti ilə başa çatacaq.
    Qeyd edək ki, Antalyadakı Aspendos teatrı təkcə Anadolunun deyil, bütün Avropa, Şimali Afrika teatrları içərisində dünyanın ən yaxşı qorunan antik teatrı olmaqla bərabər, həm də memarlıq üslubu ilə məşhurdur. Teatr binasının günümüzə qədər qorunub qalmasının əsas səbəblərindən biri Səlcuqlar dövründə bərpa olunmasıdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi