Yuxarı

Türkiyədə yaşayan Cahangir Novruzov tamaşa hazırlamaq üçün Bakıya gəlib

Qu quşunun nəğməsi tamaşasının məşqləri davam edir

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov "Qu quşunun nəğməsi" tamaşasının məşqlərini davam etdirmək üçün Bakıya gəlib.

Bu barədə "Report"a Cahangir Novruzov məlumat verib.

O qeyd edib ki, dekabrın 23-də Akademik Milli Dram Teatrında Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubiley qeyd olunacaq: "Yubiley münasibətilə Milli Dram Teatrında A.P.Çexovun "Kalxas" əsəri əsasında "Qu quşunun nəğməsi" adlı tamaşaya quruluş verirəm. Tamaşanın məşqləri yayda başlayıb. Amma Türkiyədə işlərimin çoxluğuna görə tamaşanın məşqlərinə bir müddət fasilə vermişdik. Hazırda Bakıdayam və tamaşanın məşqi qaldığı yerdən davam edir və premyeraya hazırlaşırıq". 

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təsdiqlədiyi tədbirlər planına əsasən, C.Zeynalovun yubileyinə hazırlıq çərçivəsində "Cahangirdən Cahangirə" adlı layihə hazırlanıb.

Yubiley tədbirində yubilyarın nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə A.P.Çexovun "Kalxas" əsəri əsasında "Qu quşunun nəğməsi" adlı tamaşa təqdim ediləcək. Səhnə əsərində baş rolda Cahangir Novruzov çıxış edəcək.

Xatırladaq ki, əsərdə baş qəhrəmanı canlandıran Cahangir Novruzov əsəri Azərbaycan dilinə tərcümə edib. C.Novruzov bu əsərlə uzun müddətdən sonra Azərbaycan teatrının səhnəsində çıxış edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi