Türkiyədə “Kristal Kale” Beynəlxalq Film Festivalı keçiriləcək

Türkiyədə “Kristal Kale” Beynəlxalq Film Festivalı keçiriləcək Festivalda Azərbaycanı “Nabat” və “Axınla aşağı” tammetrajlı bədii filmləri təmsil edəcək
İncəsənət
23 İyun , 2016 21:06
Türkiyədə “Kristal Kale” Beynəlxalq Film Festivalı keçiriləcək

Bakı. 23 iyun. REPORT.AZ/ Türkiyədə iyunun 24-dən 30-dək “Kristal Kale” Beynəlxalq Film Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, Elçin Musaoğlunun “Nabat” və Asif Rüstəmovun “Axınla aşağı” tammetrajlı bədii filmləri Türkiyənin “Kristal Kale” Beynəlxalq Film Festivalının əsas proqramında yer alıb.

Festivalda Azərbaycan, Almaniya, Bolqarıstan, Belarus, Qazaxıstan, Rusiya və digər ölkələrin istehsalı olan filmlər nümayiş olunacaq.

“Nabat” və “Axınla aşağı” bədii filmləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Dram janrında lentə alınan “Nabat” bədii filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatameh Mohamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıb.

“Axınla aşağı” bədii filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreevska, Teymur Məmmədov və digərləri canlandırıb. 

Son xəbərlər

Orphus sistemi