Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının Bakı qastrolu başa çatıb

Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının Bakı qastrolu başa çatıb Rus Dram Teatrının səhnəsində nümayiş etdirilən tamaşa anşlaqla keçib
İncəsənət
22 Dekabr , 2015 10:59
Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının Bakı qastrolu başa çatıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiyanın tanınmış teatr məbədlərindən olan Qeorqi Aleksandroviç Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının Bakı qastrolu başa çatıb. Teatr F.Dostoyevskinin "Dayının yuxusu" əsəri əsasında Rusiyanın xalq artisti, rejissor Timur Çxeidzenin hazırladığı tamaşanı Bakı tamaşaçılarına nümayiş etdirib.

"Report" xəbər verir ki, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində nümayiş etdirilən tamaşa anşlaqla keçib.

Teatrın qastrol səfəri "Böyük qastrollar-2015" xarici qastrol səfərləri çərçivəsində keçirilib.

Səfərin təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət  və Turizm Nazirliyidir.

Bu, Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının Bakıya ilk qastrol səfəridir.

"Dayının yuxusu" əsəri Rusiya Böyük Dram Teatrının qızıl fonduna daxil olan tamaşadır. Tamaşa dəfələrlə xarici ölkələrdə nümayiş etdirilib.

Rusiyada "Qızıl Maska", Estoniyada "Ən yaxşı tamaşa", Tbilisidə keçirilən Beynəlxalq Teatr Festivalında isə birinci yerin sahibi olub.

Q.A.Tovstonoq adına Böyük Dram Teatrının direktoru Tatyana Arxipova "Report"a açıqlamasında tamaşanın 2008-ci ildən teatrın repertuarında olduğunu bildirib: "Bu tamaşanı dünyanın bir çox şəhərlərində nümayiş etdirmişik. Dəfələrlə mükafatlar qazanmışıq. Tamaşamız bu günədək 130 dəfə anşlaqla nümayiş etdirilib. Qeorqi Aleksandroviç Tovstonoqovun 100 illik yubileyi münasibətilə "Dayının yuxusu" əsərini oynamadığımız bütün şəhərlərdə nümayiş etdirmək istəyirik. Çünki Fyodor Dostoyevski Tovstonoqovun sevimli dramaturqu olub. Teatrımızın truppasında 64 nəfər aktyor var. Teatrımızın 3 səhnəsi, 2 binası mövcuddur. SSRİ xalq artistləri Alisa Freydlix, Oleq Basilaşvili kimi böyük sənətkarla teatrımızda çalışır. Bakıda olmağımıza çox şadıq. Şəhəriniz gözəl, insanlarınız qonaqpərvərdir. Hələ yeməkləriniz, çox dadlıdır. Bakıda olduğumuz 3-4 gün ərzində bizə xüsusi diqqət, qayğı göstərdilər. Hətta burada bazarda da olduq. Müxtəlif ədviyyatlar, göyərti, xurma aldıq. Bakıdan xoş təəssüratlarla ayrılırıq. Bizi qonaqpərvərliklə qarşılayan Rus Dram Teatrının rəhbərliyinə, kollektivinə təşəkkür edirik və sizin teatrı da, Sankt-Peterburqda gözləyirik. "

Qeyd edək ki, tamaşanın rejissoru Rusiya və Gürcüstanın xalq artisti Temur Çxeidze, rəssamı Emil Kapelyuş, bəstəkarı Rusiyanın əməkdar incəsənət xadimi Aleksandr Knayfeldir.

Tamaşada SSRİ xalq artistləri Alisa Freydlix, Oleq Basilaşvili, Rusiyanın əməkdar artisti Yevgeni Çudakov, Polina Tolstun, Kirill Jandaryov, Rusiyanın xalq artisti Yelena Popova və başqaları iştirak edir.

Son xəbərlər

Orphus sistemi