Yuxarı
    Bağlamaq

    Təbrizin tanınmış aktyoru Musiqili Teatrda çıxış edəcək

    O, Fikrət Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasında çıxış edəcək

    Bakı. 29 iyun. REPORT.AZ/ Təbrizin tanınmış və sevilən kino və teatr aktyoru Camal Saqinejad Azərbaycan Dövlət Musiqili Teatrında Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasında çıxış edəcək. 

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, o, səhnə əsərində Şah obrazını canlandıracaq.

    Artıq məşqlərə başlayan aktyor ona göstərilən etimaddan məmnun olduğunu və yaradılan şəraitdən razı qaldığını söyləyib: “Bu mənim Azərbaycan teatrında ilk işim olmayacaq. Novruz bayramı günlərində Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı beynəlxalq layihə olan “Bəxtəvər” komediyasını tamaşaçılara təqdim etdik. “Bəxtəvər” azərbaycanlı izləyicilərlə yanaşı, İrandan gələn turistlər tərəfindən də böyük çoşqu və alqışlarla qarşılandı. Azərbaycanda teatra, sənətə, ümumilidə mədəniyyətə xüsusi bir diqqət və qayğı var. Sevinirəm ki, əsl sənət ab-havası mövcud olan Musiqili Teatrla yenidən əməkdaşlıq edirəm. Buna görə teatrın rəhbərliyinə, xüsusi ilə də Təbrizdə də kifayət qədər tanınan və sevilən Əliqismət Lalayevə təşəkkürümü bildirmək istəyirəm. İnanıram ki, mənə tapşırılan işin öhdəsindən layiqincə gələcək, özümün də ilk dəfə çox böyük maraqla seyr etdiyim “999-cu gecə” tamaşasındakı Şah rolunu uğurla ifa edəcək, bu obrazı tamaşaçılara sevdirəcəyəm”.

    Qeyd edək ki, “999-cu gecə” tamaşası Camal Sadiqinejadın iştirakı ilə sentyabr ayının sonunda - Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümündə təqdim olunacaq.

    Tamaşanın quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlova, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissoru Elməddin Dadaşov, konsertmesteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

    Rolları Camal Saqinejadla yanaşı, teatrın gənc və istedadlı aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və Fərid Rzayev ifa edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi