Tbilisidəki Azərbaycan Dövlət Dram Teatrında A.Çexovun “Ayı” əsəri tamaşaya qoyulub - FOTO

Tbilisidəki Azərbaycan Dövlət Dram Teatrında A.Çexovun “Ayı” əsəri tamaşaya qoyulub - FOTO Tamaşa teatrın rejissoru Turqay Vəlizadə tərəfindən səhnələşdirilib
İncəsənət
21 May , 2017 18:52
Tbilisidəki Azərbaycan Dövlət Dram Teatrında A.Çexovun “Ayı” əsəri tamaşaya qoyulub - FOTO
Report.az

Tbilisi. 21 may. REPORT.AZ/ Mayın 21-də Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrında Anton Çexovun “Ayı” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın gürcü dilində təqdimatı olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, teatrın rejissoru Turqay Vəlizadənin səhnələşdirdiyi tamaşanın süjet xəttini Smirnov adlı mülkədardan pul almış Papovlar ailəsinin sonradan borcu qaytara bilməməsi, mülkədarla bu ailə arasındakı münasibətlər təşkil edir.

Atasının vəfatından sonra mülkədardan aldıqları pulu qaytara bilməyən gənc qız Elena Papova müxtəlif bəhanələrlə Smirnovun təqiblərindən qaçır. Bu işdə ona qulluqçu Luka da çox kömək edir. Lakin, sonradan Smirnovun Elenaya aşiq olması vəziyyəti tam dəyişir. Məhəbbətin qalib gəldiyi tamaşa xoş sonluqla başa çatır.

Tamaşada əsas rolları Tbilisidəki Rus Dram Teatrının aktyorları Tamar Dubixidze, Dmitri Nabaxia və Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının aktyoru Aslan Məmmədov ifa ediblər.

Tamaşa alqışlarla qarşılanıb.

Turqay Vəlizadə Ş.Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetinin rejissorluq ixtisası üzrə magistr dərəcəsi alan ilk azərbaycanlıdır. “Ayı” tamaşası da T.Vəlizadənin magistr dərəcəsi üzrə diplom işi olub.

T.Vəlizadə yaxın vaxtlarda Azərbaycan dilində də yeni tamaşalar hazırlayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi