Ayaz Salayev: "Azərbaycanda çəkilən filmlərin hər il onlarla festivala çıxmasında Kannın öz rolu var"

Ayaz Salayev: "Azərbaycanda çəkilən filmlərin hər il onlarla festivala çıxmasında Kannın öz rolu var" "100-dən artıq ölkənin təmsil olunduğu festivalda MDB məkanından yalnız dörd dövlətin pavilyonu var"
İncəsənət
18 May , 2015 13:22
Ayaz Salayev: Azərbaycanda çəkilən filmlərin hər il onlarla festivala çıxmasında Kannın öz rolu var

Bakı. 18 may. REPORT.AZ/ "Kinematoqrafiya bir böyük aləmdir və Kann kimi nəhəng tədbir milli kinomuzu bu böyük dünyanın sakininə çevirir. Son illərdə Azərbaycan kinosunun inkişafında bu pavilyonun rolu əvəzsizdir və ölkəmizin dünya kino xəritəsində yer tutmasını təsdiq edir".

"Report" xəbər verir ki, 68-ci Kann Kino Festivalında iştirak edən tanınmış kinoşünas, rejissor Ayaz Salayev belə deyib.

Onun sözlərinə görə, bu günə qədər 100-dən artıq ölkənin təmsil olunduğu festivalda MDB məkanından yalnız dörd dövlətin pavilyonu var: "Artıq beşinci ildir ki, festivalda Azərbaycanın pavilyonu açılır və biz bunun son dərəcə mühümlüyünün şahidi oluruq. Hər hansı bir kinematoqrafiyanın inkişafı, təkcə filmlərin istehsalı ilə müəyyənləşmir. Yeni filmlərimiz Kannın kino bazarına çıxarılıb, çoxsaylı kataloq və bələdçi nəşrlərində kino təşkilatlarımız haqqında məlumatlar yer alıb. Hər gün pavilyonu onlarla, bəzi günlərdə yüzlərlə həmkarımız ziyarət edir, maraqlı tanışlıqlar, bəzi hallarda çox perspektivli layihələr ətrafında danışıqlar aparılır. Çəkdiyimiz filmlərin hər il onlarla festivala çıxmasında Kannın öz rolu var. Kann vasitəsilə beynəlxalq əlaqələrimiz həm coğrafi mənada genişlənir, ən başlıcası isə yeni məzmun alır".

A.Salayev qeyd edib ki, Kannda fəaliyyət göstərən Azərbaycan pavilyonu təkcə ölkə kinosunun və ayrı-ayrı filmlərin təbliği ilə deyil, ümumilikdə, dövləti və onun nailiyyətlərinin təbliği ilə məşğuldur: "Qarşıdan gələn I Avropa Oyunları haqqında geniş məlumatlar da, burada yer alıb".

Son xəbərlər

Orphus sistemi