Bakı. 25 yanvar. REPORT.AZ/ M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Mobil Babayevin 70 illik yubileyinə həsr olunan müəllif konserti keçiriləcək.
"Report" xəbər verir ki, yanvarın 29-da baş tutacaq konsertdə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası çıxış edəcək.
Konserti dirijor Fəxrəddin Kərimov idarə edəcək.
Qeyd edək ki, M.Babayev 1945-ci il dekabrın 23-də Gəncədə anadan olub. Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfində təhsil alıb.
O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib.
M.Babayevin mahnılarını Azərbaycanın tanınmış müğənniləri ifa edib. Bəstəkar, həmçinin 100-ə yaxın film, o cümlədən, bədii-sənədli, elmi-kütləvi və animasiya filmlər üçün də musiqi yazıb.