Bakı. 15 fevral. REPORT.AZ/ Martın 25-dən 30-dək Qazaxıstanın Astana şəhərində Erkeqali Raxmadiyev adına Vokalçıların və dirijorların I beynəlxalq müsabiqəsi keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru Əyyub Quliyev məlumat verib.
Müsabiqə Qazaxıstanın Mədəniyyət Nazirliyi və Qazaxıstan Milli İncəsənət Universitetinin təşkilatçılığı ilə keçiriləcək.
Əyyub Quliyev müsabiqənin münsiflər heyətinin üzvü kimi Qazaxıstana dəvət edilib və müsabiqənin bağlanış günündə konsert proqramına dirijorluq edəcək.
Vokalçıların və dirijorların I beynəlxaq müsabiqəsi SSRİ xalq artisti, Qazaxıstanın keçmiş mədəniyyət naziri və Qazaxıstan Konservatoriyasının keçmiş rektoru Erkeqali Raxmadiyevin xatirəsinə həsr edilib.
Əyyub Quliyevi müsabiqəyə Erkeqali Raxmadiyevin qızı Meyla Raxmadiyeva dəvət edib.