Yuxarı

Nazir müavini: "Son illərdə Azərbaycan kinosu böyük uğurlara imza atır"

Bu gün Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə tədbir keçirilib

Bakı. 31 iyul. REPORT.AZ/ Avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. "Report" xəbər verir ki, bu münasibətlə Nizami Kino Mərkəzində tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan kinosunun tarixi və keçdiyi yolu ilə bağlı videoçarx nümayiş olunub. Daha sonra Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək, kinematoqrafçıları peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, son illərdə Azərbaycan kinosu böyük uğurlara imza atır. Belə ki, Azərbaycan kinolarının sorağı bir çox mötəbər festivallardan gəlir. Nazir müavini əlavə edib ki, son illərdə Azərbaycan kinematoqrafiyasında yeni adlar peydə olur, gənc nəsil yetişir. 

Bundan sonra Ə.Vəliyev nazirlik adından kinematoqrafiya sahəsində çalışan bir qrup xadimlərə döş nişanlarını verib. Eyni zamanda, kinoda çalışan bir qrup kino veteranlarına fəxri fərman verilib. 

Ardınca tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri xalq artisti Şəfiqə Məmmədova çıxış edib. O, kinematoqrafçıları təbrik edərək, bir qrup kino xadiminə 350 və 500 manat məbləğində pul mükafatını bağışlayıb. 500 manatlıq mükafatlar yubileyi olan kino xadimlərinə bağışlanılıb.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında lentə alınan "4.1 Şəhər motivləri" adlı kinoalmanax təqdim edilib. Kinoalmanax xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarətdir. Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olan kinolayihə əvvəlcə "Motivlər..." adı ilə lentə alınıb. 

"4.1 Şəhər motivləri" almanaxına "Qonşu qadın" (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), "20-ci mərtəbə" (rejissor Teymur İsmayılov, operator Nadir Mehdiyev), "Dmitrov küçəsi ev 86" (rejissor Cəfər Axundzadə, operator Əlişir Hamid Xocayev), "Kədərim" (rejissor Rüfət Həsənov, operator Mixail Benkin) və "Zabitin şərəfi" (rejissor Vüqar İslamzadə, operator Cabir Əliyev) qısametrajlı filmləri daxildir. 

Almanaxın redaktoru Yusif Şeyxov, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir. Layihənin quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri isə Azər Quliyevdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi