Yuxarı

Şokolad ustası Nikolya Bakıda eksklüziv master-klass keçəcək

Müəllif şokolad möcüzələri yaradaraq master-klass seriyaları təqdim edəcək

Bakı. 12 avqust. REPORT.AZ/ Tanınmış şokolad ustası Nikolya Bakıdakı Muzey Mərkəzinin binasında eksklüziv master-klass keçəcək. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, master-klass sentyabrın 5-6-da təşkil olunacaq. 

Müəllif şokolad möcüzələri yaradaraq master-klass seriyaları təqdim edəcək. Muzey arzu edənləri ustad dərslərində iştiraka dəvət edir. Dərsləri müəllif, eyni zamanda "Nikolya" Şokolad Muzeyinin yaradıcısı, tanınmış şokolad ustası Nikolay Popov keçirəcək.

Master-klassda iştirak edən hər bir şəxs öz əli ilə unikal şokolad - marzipan açıqçalar düzəldə və özləri ilə götürə biləcəklər. Master-klass zamanı iştirakçılar şokoladdan hazırlanan əl işlərinin müəllifi olacaq, şokolad və marzipanla işləməyin qaydalarını öyrənəcək.

Qeyd edək ki, dünya ölkələrinin 40-dan artıq şəhərində qonaq olan məşhur "Nikolya" Şokolad Muzeyi mayın 16-dan Bakıdadır.

"Nikolya" Şokolad Muzeyinin sərgisi müxtəlif yaş və statuslu tamaşaçıları cəlb edir. Dünya turu zamanı 5 il ərzində sərgini 500 mindən artıq tamaşaçı ziyarət edib. Hər bir ziyarətçi üçün şokoladın pulsuz dequstasiyası təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi