Yuxarı
    Bağlamaq

    Opera Balet Teatrının Simfonik Orkestri Almaniyada keçiriləcək festivalda iştirak edəcək

    Festival avqustun 4-dən 11-dək keçiriləcək

    Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Avropanın ən mötəbər musiqi festivallarından biri sayılan Qut-İmmlinq Opera sənəti festivalının rəhbəri Lüdviq Baumandan Teatrın simfonik orkestrinin bu festivalda iştirakı haqqında rəsmi dəvət alıb.

    Bu barədə "Report"a Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən məlumat verilib.

    Orkestr bu festivalda səkkizinci dəfə çıxış edəcək.

    Qeyd edək ki, simfonik orkestrin qastrol səfəri avqustun 4-dən 11-nə kimi olan müddətdə keçiriləcək və musiqiçilər avqustun 9-da festivalın möhtəşəm qala konsertində çıxış edəcək.

    Konsertdə Qərbi Avropa bəstəkarlarının musiqiləri ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarları Q.Qarayev, F.Əmirov, Niyazi və Polad Bülbüloğlunun əsərləri də səslənəcək.

    Qut-İmmlinq festivalında bu il ABŞ, Latın Amerikası, Çin, Yaponiya, Türkiyə, ümumilikdə, 39 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, rejissor və dirijorlar iştirak edəcək.

    Qeyd edək ki, Azərbaycan musiqiçilərinin festivalda iştirakı Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi