Yuxarı

Simax Şeyda: "Azərbaycanda yaşamağa birotaqlı evim olsa, Almaniyadan vətənə qayıdaram" - MÜSAHİBƏ

Maddi baxımdan kömək edən olsa, gələn il 6 cildliyimi çap etdirmək istəyirəm

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu ilin iyul ayında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Almaniyada yaşayan şair-dramaturq Simax Şeydanı 79 yaşının tamam olması münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edib.

Hər il doğma Azərbaycana gələn S.Şeyda ilə onun dostu, jurnalist Yusif Günaydın vasitəsilə tanış oldum. Simax Şeyda ilə görüşüb söhbətləşdik. Söhbətdə Y.Günaydın da iştirak etdi. 

Qısa arayış: Simax Şeyda-Yuşbayev Simax Barux oğlu 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-ci ildə ailəliklə Gəncə şəhərinə köçüb. Burada Sabir adına 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib. S.Şeyda əmək fəaliyyətinə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlayıb. Orada baş metodist və direktor olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965-1990) və "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalında uşaq şeirləri, mənzum nağılları dərc olunub. Uşaqlar üçün 5 mənzum pyesi yazıb. 

"Təyyarə" (1964), "Mən balaca kosmonavtam" (1967), "Yaxşı qız" (1979), "Kimin belə qızı var" (1983) və "Tülkü, tülkü, tünbəki" kitabları böyük tirajla nəşr olunub.

S.Şeyda ilə müsahibə Yusif Günaydının tanışlıq təqdimatı ilə başlıdı: 

- Simax müəllim Oğuzda anadan olub. Onunla təsadüfən tanış oldum, bu tanışlıq sonradan dostluğa çevrildi. İki dəfə mənim apardığım "Qərib axşamlar" verilişində qonaq olub. Simax Şeyda 4 yaşında ailəsi ilə birlikdə Gəncəyə köçüb, orada böyüyüb boya-başa çatıb. Gəncədə şair Nəriman Həsənzadə ilə tanış olub və birlikdə ədəbi dərnəklərə gediblər. Həmin dövr ədəbi dərnəklər ənənəsi çox güclü idi.

Simax Şeyda söhbətə qoşulur:

- Ədəbi dərnəklər deyəndə, əslində, Nəriman Həsənzadə ilə birlikdə getdiyimiz dərnək Azərbaycan Yazıçılar Birliyinin Gəncə filialı idi. Ədəbiyyat adamları, şairlər, yazıçılar ora yığışardı. Elə Nəriman Həsənzadə ilə ilk tanışlığım həmin dərnəkdə olub. Həmin illər mənim 13 yaşım olardı. Nərimanla başlayan dostluğumuz bu günədək davam edir. Hər ikimiz Mikayıl Müşfiqi çox sevirdik. Bizə o zamanlar Müşfiqi tanıdan, sevdirən müəllimimiz Müzəffər Piriyev oldu. Müşfiqi sinədəftər bilirdi. Müşfiq poeziyasına o zamandan vurğunam.

Yusif Günaydın:

- Simax müəllim, Müşfiqə olan sevgisindən oğlunun adını Müşfiq qoyub və yaradıcılığında M.Müşfiqin "duyğu yarpaqları" ənənəsini davam etdirir. İncə rübailər yazır.

- Simax müəllim, səhhətiniz necədir. Özünüzü necə hiss edirsiniz?

S.Şeyda:

- İki dəfə ürəyimdən əməliyyat olunmuşam. Bir gözüm tamamilə görmür. Digər gözüm isə 20 faiz görür. Amma əsərlərimi yazıram. Xüsusi kompüter köməyimə çatır. Kompüterin monitoru divarda quraşdırılıb. Ona görə də klaviaturada yazdıqlarımı divarda görürəm. Azərbaycana, doğma torpağıma sevgim sonsuzdur.

Y.Günaydın:

- Simax müəllimin Azərbaycan, vətən sevgisi o qədərdir ki, uzaq Münhendə oturub Qarabağ, "Bakı-Şuşa qatarı" adlı əsər yazır.

- Simax müəllim, Almaniyaya köçməyinizin səbəbi nə idi? Çox sevdiyiniz vətəni niyə tərk etdiniz?

- 1990-cı ildə Azərbaycanı tərk etdim. Gedişimin səbəbi xəstəliyimlə bağlı oldu. Ürəyimdə kəskin ağrılar başlamışdı. O zamanlar burada ağır ürək əməliyyatları həyata keçirilmirdi. Həkimlər xaricə getməyimi məsləhət gördülər. Bakıdan köçməyə məcbur oldum. Əvvəlcə İsrailə getdim və ilk dəfə orada ürəyimdən əməliyyat olundum. Daha sonra Almaniyaya köçdüm, orada həm müalicə olundum, həm də daimi olaraq yaşamağa başladım.

- Vətənə qayıtmaq planınız varmı? 

- Çox istəyirəm. Amma Bakıda yaşamağa evim yoxdur. O zaman xəstəliyimlə əlaqədar buradan köçəndə evimi satdım. Əvvəllər Akademik Milli Dram Teatrının yanında evim var idi. Bakıda birotaqlı evim olsa, qayıdıb gələrəm.

- Almaniyanın hansı şəhərində yaşayırsınız?

- Almaniyada vəziyyətim yaxşıdır. Hökumət mənə üçotaqlı ev verib. Milliyyətcə yəhudi olduğum üçün Almaniya hökuməti mənə belə bir şərait yaradıb. Ev dövlətə məxsus olduğundan, bütün kommunal xərcləri hökumət ödəyir. Mənə həmin evdə nə qədər istəsəm, yaşaya bilərəm. Ailə üzvlərimlə birlikdə qalıram, 4 övladım var. Bir qızım Amerikada yaşayır, üç övladım isə bizimlə birlikdədir. Almaniyada ictimai nəqliyyatdan da pulsuz istifadə edirəm.

- Orada hansısa mətbu orqanla əməkdaşlıq edirsiniz?

- Yox, səhhətimlə əlaqədar fəal yaradıcılıqla məşğul ola bilmirəm. Ona görə də yazdıqlarımı Bakıya, "Ədəbiyyat və incəsənət" qəzetinə göndərirəm. 2016-cı ildə 80 yaşım tamam olur. Bu münasibətlə kitablarım çap ediləcək. Qırmızı qəsəbədə yubileyimi keçirəcəklər.

Y.Günaydın:

- Simax müəllim Oğuzda anadan olub. Milliyyətcə dağ yəhudisidir. Əsərlərini də iki dildə - həm Azərbaycan türkcəsində, həm də dağ yəhudilərinin dilində yazır. Azərbaycan klassik ədəbiyyatını dağ yəhudilərinin dilinə tərcümə edir və bütün dünyaya yayır. Onun tərcümələri Amerikada, Kanadada nəşr edilib.

S.Şeyda:

- Nizami Gəncəvidən Əmirulla Gəncəviyədək 75 azərbaycanlı şairin şeirlərini dağ yəhudilərinin dilinə tərcümə edib, antologiya şəklində çap etdirmişəm. Maddi baxımdan kömək edən olsa, gələn il 6 cildliyimi çap etdirmək istəyirəm.

- Simax müəllim, yəqin alman dilini də bilirsiniz?

- Yox, alman dilini bilmirəm. Gözüm görmədiyindən, alman dilini öyrənə bilmədim. Heç öz şeirlərimi oxuya bilmirəm.

- Bəs ətrafdakılarla necə ünsiyyət qurursunuz?

- Almaniyada ünsiyyət quracaq çevrəm yoxdur. Demək olar ki, evdən bayıra çıxmıram. Evdən çıxanda da yalnız bazar-dükana gedirəm. Almaniyada çoxlu türklər yaşayır. Onların yaşadığı məhəllələrdən bazarlıq edirəm. Orada "Türk bazarı" deyilən yer var. Məni orada yaxşı tanıyırlar. Bilirlər ki, Azərbaycandan gəlmişəm, yazıçıyam. Mənə hörmət edirlər.

Y.Günaydın:

- Simax müəllim həm də dramaturqdur. Onun uşaqlar üçün yazdığı pyeslər Ağdam, Gəncə, Sumqayıt teatrlarında səhnəyə qoyulub.

S.Şeyda:

- O zamanlar mənim əsərlərimə bir çox teatrlar müraciət edirdilər. Əsərlərim həm dövlət, həm də xalq teatrlarında səhnəyə qoyulurdu. Hazırda yeni - "Xocalıdan gələn oğlan" əsərini yazıb bitirmişəm. Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov həmin əsəri oxuyub, çox xoşuna gəlib. Əsərin bir surətini Gəncə teatrına aparıblar.

- Şeirlərinizə mahnılar yazılıb?

- Bəli, yazılıb. Uşaqlar üçün yazdığım şeirlərə bəstəkar Oqtay Zülfüqarov mahnılar yazıb. Bunlara "Təyyarə", "Mən balaca kosmonavtam" şeirlərini nümunə göstərmək olar. Bunlar həm də kitablarımın adıdır. "Bir xoruzum var" adlı şeirimə də dramaturq Yusif Əzimzadə mahnı yazmışdı. "Göyərçin" jurnalında həm şeirlərimi, həm də mahnılarımın notlarını nəşr etdirmişdilər. İsraildə Quba rayonundan olan Qod Mixaylov adlı həvəskar bəstəkar var. O mənim 20-dən artıq şeirimə musiqi yazıb. Mahnıların sözləri həm yəhudi, həm də Azərbaycan dilindədir. Sovet dövründə bəstəkar Şəfiqə Axundova Gəncə teatrına gəlmişdi. O zamanlar Gəncə Kirovabad adlanırdı. Mən "Gəncəli qız" adlı şeir yazmışdım. Şəfiqə Axundova şeiri oxuyub, çox bəyənmişdi, mahnı bəstələmək istəyirdi. Amma həmin dövrlər Gəncə adını demək yasaq idi, o ki, qaldı bu mövzuda şeir və mahnı yazmaq. Həmin şeiri 1961-ci ildə yazmışdım.

- Simax müəllim, ən yaxın dostlarınız kimlərdir? Kimlərlə görüşürsünüz?

- Ən yaxın dostlarım Azərbaycan oğulları olub. Altay Məmmədov, Nəriman Həsənzadə, Allahverdi Tağızadə, Musa Ələkbərli, Yusif Günaydın. Bütün dostlarımla fəxr edirəm.

- Şeyda təxəllüsünü nə zaman götürmüsünüz? Niyə məhz Şeyda?

- Şeyda vurğun deməkdir. Mənim soyadım Yuşbayevdir. Şeyda təxəllüsümdür. Tarixdə Şeyda təxəllüsü ilə yazan Şeyda Əziz adlı aşıq olub. Bir də dahi Hüseyn Cavidin "Şeyda" pyesi var. Bunlardan sonra Şeyda adı mənim təxəllüsümdə çəkilir. Yaddaşlarda da belə qalacam. Simax Şeyda kimi... 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi