Sənubər İsgəndərli: "Ad günlərimə sevinə bilmirəm"

Sənubər İsgəndərli: "Ad günlərimə sevinə bilmirəm" Əməkdar artistin 55 yaşı tamam olur
İncəsənət
24 Oktyabr , 2015 17:31
Sənubər İsgəndərli: Ad günlərimə sevinə bilmirəm

Bakı. 24 oktyabr. REPORT.AZ/ Oktyabrın 25-i Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Sənubər İsgəndərlinin doğum günüdür.

"Report" xəbər verir ki, aktrisa 55 illik yubileyini qeyd edəcək.

Bu günü doğmaları, ailə üzvləri ilə keçirəcəyini deyən Sənubər İsgəndərli illər ötdükcə ad günlərinə sevinmədiyini bildirib: "Evdəkilər mənə nə sürpriz hazırlayacaq bilmirəm. Amma özümə qalsa, doğum günümü qeyd etmək fikrində deyiləm. İllər ötdükcə yaşımızın üstünə yaş gəlir. Ad günlərimə sevinə bilmirəm. Çünki yaş öz sözünü deyir".

Xatırladaq ki, Sənubər İsgəndərli 1960-cı ildə Bakıda anadan olub. 1990-cı ildə M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

Sənubər İsgəndərli 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub.

1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində Siyan Şi ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), İcraçı ("Şah Edip" Sofokl), Burla Xatun ("Burla xatun" N.Xəzri), Nisə xanım ("Lənkəran xanının vəziri" M.F.Axundov), Ulduz ("Ulduz, yaxud Ədirnə fəthi" C.Cabbarlı), Aysel ("Cəzasız günah" B.Vahabzadə), Gertruda ("Hamlet" V.Şekspir), Firəngiz və Fransuaza ("Brüsseldən məktublar" H.Həsənov), Sərvinaz bəyim ("Ölüləri qəbiristanlıqda basdırın" İ.Şıxlı), falçı ("Mesenat" Ə.Əmirli), Klara Veşer ("Yaşli xanimin gəlişi", F.Durrenmatt), məşuqə ("Generalın son əmri", Vaqif Səmədoğlu), Qadın ("21-15 qatari" T.Orbay) rollarını oynayır.

Sənubər İsgəndərova "Şöhrət və ya unudulan adam", "Qurbanəli bəy" , "Yaşıl eynəkli adam" , "Şirin çay", "Bəyaz gecələr", "Qu quşunun məhəbbəti" teletamaşalarına və "Kişi sözü", "Şahid qız", "Fəryad", "Təsadüfi görüş" ,"Leyli və Məcnun" filmlərinə çəkilib. 

Son xəbərlər

Orphus sistemi