Sənədli filmlərin görkəmli operatorunun yubileyi keçiriləcək

Sənədli filmlərin görkəmli operatorunun yubileyi keçiriləcək Kinooperator Cavanşir Məmmədov Azərbaycanın ilk və yeganə Lenin mükafatı qazanan operatoru olub
İncəsənət
30 İyul , 2015 11:53
Sənədli filmlərin görkəmli operatorunun yubileyi keçiriləcək

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycanın mərhum operatoru, Kann festivalının və Lenin Mükafatının laureatı, Türkmənistanın və Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti Cavanşir Məmmədovun 100 illik yubileyi münasibətilə Film Fondunda tədbir keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Film Fondunun mətbuat xidmətindən məlumat verilib.

Sənədli filmlərin mahir operatorunun yubiley tədbiri oktyabrın əvvəlində olacaq.

Xatırladaq ki, Cavanşir Musa oğlu Məmmədov 1915-ci il oktyabrın 17-də Lənkəranda anadan olub. Aşqabad Kino Texnikumunu bitirdikdən sonra Aşqabad kinostudiyasında operator işləyib. Operator şagirdi, operator köməkçisi, operator assistenti, II dərəcəli operator, II operator, xronikal filmlər üzrə I dərəcəli operator dərəcələrinə yüksəlib. Müharibə illərində Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. 1950-1960-cı illərdə Bakı kinostudiyasında 12 sənədli film çəkib. 1960-cı ildən Mərkəzi Elmi-Kütləvi Filmlər Studiyasında ("Sentrnauçfilm") "Kino Səyahəti" almanaxının yaradıcılarındandır. Kinojurnallar üçün mindən çox süjet çəkib. 1954-cü ildə Kann festivalının və 1960-cı ildə Lenin Mükafatı laureatı olub.

İlk və yeganə Lenin mükafatının sahibi olan azərbaycanlı Cavanşir Məmmədova bu mükafat - Azərbaycan neftçilərindən bəhs edən "Xəzər neftçiləri haqqında dastan" sənədli filminə görə verilib. Bu film 1949-1953-cü illərdə çəkilib. Film Bakıneftçilərinin Xəzər dənizində neft yataqlarından istifadə olunması haqqında poetik hekayədir. Bu bədii-sənədli film nəinki Azərbaycan kinosunda, həm də bütünlükdə sovet sənədli kinematoqrafiyasının inkişafında görkəmli rol oynayıb. Kino əsəri dünyada ilk dəfə dənizin dibindən neft çıxarmağa başlayan Bakı neftçilərinin əmək qəhrəmanlığından bəhs edir.

Qeyd edək ki, Türkmənistanın və Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti Cavanşir Məmmədov 1997-ci ildə Moskvada vəfat edib.

Son xəbərlər

Orphus sistemi