Yuxarı

Bakıda Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir keçirilib

“Şekspir əsərləri musiqidə” və “Şekspir Azərbaycan səhnəsində” mövzusunda slayd-şou təqdim olunub

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Qərb Universiteti ilə birlikdə dahi ingilis şairi və dramaturqu U.Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir keçirib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova “Şekspirin azad düşüncəsi” mövzusunda çıxış edib.

Britaniya Şurasının direktoru Elizabet Vayt çıxış edərək muzeyə təşəkkürünü bildirib.

Sonra Qərb Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbələrinin ifalarında müxtəlif dillərdə Şekspirin sonet, poema və dram əsərlərindən parçalar səsləndirilib.

Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Maqda İbrahimova (fleyta), L.və M.Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin 10-cu sinif şagirdi Teymur Əliyev (skripka), BMA-nın professoru Leyla Məmmədəliyevanın ifalarında Qara Qarayevin, Sergey Prokofyevin və başqa bəstəkarların Şekspirin pyeslərinə yazılmış musiqi əsərləri ifa edilib, videofraqmentlər nümayiş olunub.

Tədbirdə arxiv materialları əsasında hazırlanmış Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Şekspir əsərləri musiqidə” və Azərbaycan Dövlət Teatr Muzeyinin “Şekspir Azərbaycan səhnəsində” mövzusunda slayd-şou təqdim olunub.

Qeyd edək ki, tədbirdə Qərb Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, musiqi ictimaiyyətinin üzvləri iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi