Yuxarı

Şəki teatrı "Vaqif" dramını yeni variantda təqdim edib

Teatrın Bakıya baş tutan qastrol səfəri başa çatıb

Bakı. 9 iyun. RERORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Musiqili Teatrın səhnəsində "Vaqif" dramını nümayiş etdirib.

"Report" xəbər verir ki, səhnə əsəri Səməd Vurğunun "Vaqif" dramının motivləri əsasında hazırlanıb.

Səhnə əsərində Qacar obrazını canlandıran əməkdar artist Xanlar Həşimzadə tamaşanın maraqlı alındığını deyib: "Səməd Vurğunun "Vaqif" dramından fərqli olaraq bu tamaşada Ağa Məhəmməd şah Qacar obrazı fərqli təqdim olunub. Səməd Vurğun "Vaqif"dəki Qacarı dövrə, zamana uyğun olaraq elə canlandırmışdı. O obraz Qacarın karikaturası idi. Təbii ki, Səməd Vurğunun əsərinin nə zaman və hansı şəraitində yazıldığını nəzərə almaq lazımdır. Amma hər bir tarixi şəxsiyyətin yaxşı və pis cəhətləri sözsüz ki, var. Mən daha müsbət Qacar yaratmağa çalışmışam".

Qeyd edək ki, yeni tamaşaya Şəki teatrının keçmiş rejissoru, hazırda Moskvada fəaliyyət göstərən "Dərviş" Teatrının rəhbəri Mərdan Feyzullayev quruluş verib.

Tamaşanın nəsrlə olan hissələrini Mərdan Feyzullayev, nəzmlə olan parçalarını isə Vaqif Aslan yazıb.

Səhnə əsərində Vaqif obrazını əməkdar artist Əbülfət Salahov, Qacar obrazını əməkdar artist Xanlar Həşimzadə ifa edir. Səhnə əsərində "Qarabağnamə"lərdən də istifadə edilib. Tamaşada maraqlı cəhətlərdən biri də, əsərdə heç bir qadın personajının olmamasıdır. Tamaşanın aktyor heyəti kişilərdən təşkil edilib.

Şəki teatrının kişi truppasının ifasında nümayiş etdirilən tamaşada Təlxək obrazını əməkdar artist İqrar Salamov canlandırıb.

Xatırladaq ki, Şəki teatrının Bakıya qastrol səfəri başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi