Yuxarı

​Səfir Polad Bülbüloğlunun anası dünyasını dəyişib

Adelaida Məmmədova aprelin 25-də ömrünün 93-cü ilində vəfat edib

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün Memorial Muzeyinin direktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Adelaida İrza qızı Məmmədova 2015-ci il aprel ayının 25-də ömrünün 93-cü ilində vəfat edib.

Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tbilisi şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır.

1977-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilib. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Adelaida xanımın diqqəti və qayğıkeşliyinin nəticəsi olaraq muzeydə Azərbaycan mədəniyyətinin həqiqi ocağı yaradılmış və muzey milli mənəvi dəyərləri gələcək nəsillərə çatdıran mərkəzlərdən birinə çevrilib.

Adelaida xanım Məmmədova Bülbül irsini mühafizə etməklə, bütövlükdə Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin təbliği sahəsində təqdirəlayiq xidmətlər göstərmişdir. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi kimi tanınırdı.

Azərbaycanda muzey işinin təşkilində və xalqımızın mədəni irsinin təbliğində Adelaida Məmmədovanın xidmətləri yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”na layiq görülmüşdür.

Allah rəhmət etsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi