“Sarılar – Qarabağ atının izi ilə” sənədli filminin təqdimatı keçirilib

“Sarılar – Qarabağ atının izi ilə” sənədli filminin təqdimatı keçirilib Filmin çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılıb
İncəsənət
15 Aprel , 2016 19:35
“Sarılar – Qarabağ atının izi ilə” sənədli filminin təqdimatı keçirilib

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Nizami Kino Mərkəzində “Sarılar – Qarabağ atının izi ilə” sənədli filminin ilk nümayişi ilə əlaqədar mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Neft Şirkətinin rəhbər nümayəndələri, nazir müavini Ədalət Vəliyev, "BP-Azərbaycan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı, Mədəniyyət və Turizm Nazirliyinin kino sektorunun müdiri Yusif Şeyxov, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, tanınmış mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər. 

Tədbirdə nazir Əbülfəs Qarayev, rejissor Willi Neumann, "BP-Azərbaycan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı və rejissor Ayaz Salayev çıxış edərək film haqqında danışıblar. 

Filmin təqdimatından əvvəl Qarabağ müharibəsində şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib və daha sonra film ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycan şirkətinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Almaniyanın “STUDIO TOR 1” kino şirkətində istehsal edilib.

Beynəlxalq yaradıcı heyət tərəfindən çəkilmiş bu film Azərbaycan milli-mənəvi irs və dəyərlərinin qorunmasına töhfə olmaqla yanaşı, həm də Qarabağ mövzusunun kinoda işlənməsi baxımından çox əhəmiyyətlidir. Filmin əsas süjet xəttini 1956-cı ildə Sovet rəhbəri Nikita Xruşşovun Böyük Britaniya Kraliçası II Yelizavetaya hədiyyə etdiyi Qarabağ atının qohumlarının axtarışı təşkil edir.

Avropadan keçməklə Qafqaz dağlarının ətəklərinədək çox uzun və təsirli bir səyahətə çevrilən bu axtarış həmin Qarabağ atının nəslinin davamçılarını, xüsusilə də ona bənzəyən atı öz vətəni Azərbaycanda tapmaqla nəticələnir.

Çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan “Sarılar – Qarabağ atının izi ilə” sənədli filminin ssenari müəllifi Martin Wagner, rejissoru Willi Neumann, operatorları André Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.

Son xəbərlər

Orphus sistemi