Yuxarı

“Sarayevo qışı” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Festivalda Azərbaycanı Opera və Balet Teatrının solisti təmsil edəcək

Bakı. 13 fevral. REPORT.AZ/ Türkdilli ölkələrin beynəlxalq Mədəniyyət təşkilatı - TÜRKSOY xətti ilə Bosniya və Serbiyada “Sarayevo qışı” adlı beynəlxalq musiqi festivalı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Akademik Opera və Balet Teatrının mətbuat xidməti yayıb.

Festival çərçivəsində türkdilli dövlətlərin vokalçıları fevralın 19 və 20-də Sarayevoda, fevralın 22-də isə Belqradda çıxış edəcək.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına TÜRKSOY-un baş katibi D.Kaseinovun imzası ilə daxil olmuş məktubda teatrın gənc solisti Çinarə Şirin bu festivalda iştirak etmək üçün dəvət olunub.

2010-cu ildən Opera və Balet Teatrında çalışan Çinarə Şirin repertuarda olan bir sıra tamaşalarda – “Aida” (Aida), “Toska” (Toska), “Karmen” (Karmen), “Payatsı” (Nedda), “Sevil” (Dilbər) və s. aparıcı partiyaları ifa edir.

Festivalda azərbaycanlı solist K.Sen-Sansın “Samsun və Dalila” operasından Dalilanın ariyasını, J.Bizenin “Karmen” operasından Xabaneranı, eyni zamanda “Sevil” operasından Dilbərin ariyasını və Niyazinin “Arzu” romansını ifa edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi