Yuxarı

Sabir Ələsgərovun qızı: "Atamın bağlı olduğu aparatın bir gününün qiyməti 1000 manatdır"

Atamın şüuru açıqdır, danışır, hər kəsi tanıyır

Bakı. 25 fevral. REPORT.AZ/ 1 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Azərbaycanın xalq artisti, qocaman diktor Sabir Ələsgərovun səhhəti ağır olaraq qalır. 

Bu barədə "Report"a Sabir Ələsgərovun qızı Mehriban Ələsgərova məlumat verib.

Onun sözlərinə görə atasının şüuru açıqdır, danışır, hər kəsi tanıyır: "Reanimasiyada olduğu üçün yanına heç kəsi buraxmırlar. Atam danışır, şüuru açıqdır, amma vəziyyəti ağır olaraq qalır. Biz mədəsində problem olduğunu zənn edirdik. Amma həkimlərin müayinəsindən sonra məlum oldu ki, qanında zəhərlənmə gedir. Bunun da səbəbi keçirdiyi möhkəm soyuqdəymə olub. Yanvarda bərk xəstələnmişdi. Həmin xəstəlikdən sonra qanı zəhərlənib. Hazırda həkimlər qanını təmizləməklə məşğuldur. Aparata qoşulub. Həkimlər hələlik dəqiq söz deyə bilmirlər. Vəziyyəti 3 günə də düzələ bilər, 15 günə də. Hazırda isə halı yaxşı deyil".

Mehriban Ələsgərova sosial şəbəkələrdə atasına maddi köməklik göstərmək üçün yayılan çağırışlara da aydınlıq gətirib: "Atamın bağlı olduğu aparatın bir gününün qiyməti 1000 manatdır. Hələlik ailənin şəxsi büdcəsi ilə bunun öhdəsindən gəlirik. Amma atamın vəziyyəti ağır olaraq qalsa, ailəyə kömək lazım olacaq."

Xatırladaq ki, Sabir Ələsgərov Azərbaycanın tanınmış diktorudur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi