Rusiyalı məşhur rəssam: "Bakıda 150-yə yaxın əsərim nümayiş olunacaq" - MÜSAHİBƏ

Rusiyalı məşhur rəssam: "Bakıda 150-yə yaxın əsərim nümayiş olunacaq" - MÜSAHİBƏ Nikas Safronov: "Normal insan kimi layiqli, hörmətli insanlara hörmət edirəm, amma yaltaqlanmıram"
İncəsənət
29 Dekabr , 2017 15:42
Rusiyalı məşhur rəssam: Bakıda 150-yə yaxın əsərim nümayiş olunacaq - MÜSAHİBƏ

"1998-ci ildə doğum günündə portretini Heydər Əliyevə göstərən zaman, təxminən, beş dəqiqə işimə baxandan sonra mənə tərəf döndü, əlini uzatdı və dedi: "İndi Azərbaycanda dostun var və o, mənəm"

Moskva. 29 dekabr. REPORT.AZ/ Rusiyalı məşhur rəssam, Rusiya İncəsənət Akademiyasının akademiki Nikas Safronovun "Report"un Rusiya bürosuna müsahibəsi:

- Bakıda keçiriləcək sərginiz barədə daha ətraflı məlumat verə bilərsinizmi? 

- Bu, Bakıda ikinci fərdi sərgim olacaq. Bu şəhərdə ilk sərgim 20 il əvvəl Azərbaycanın o zamanki Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. Gələn il təşkil olunacaq sərgi dostumun, dahi insanın xatirəsini yad etmək üçün olacaq və məhz bu məqam sərgini may ayında, mərhum Heydər Əliyevin doğum günü ərəfəsində onun adını daşıyan Mərkəzdə təşkil etməyə qərar verməyimə təsir göstərdi.

Bakıda ikinci sərgimin təşkil olunması ideyasını xeyli vaxt idi düşünürdük. Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlərin birində, daha sonra isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşlərdə ekspozisiyamda Azərbaycana həsr olunmuş daha çox işin olması qərarına gəldik. Bu məqsədlə bir neçə dəfə Azərbaycanda səfərdə oldum. Demək olar, ölkənin hər yerini - Naxçıvanı, Gəncəni, Qəbələni və bir çox digər bölgələri gəzdim. İndi kolleksiyamda Azərbaycan mövzusu ilə bağlı 30-dan çox şəkil var. Hesab edirəm ki, sərgiyə qədər kolleksiyama daha bir neçə iş əlavə olunacaq. Ümumilikdə, Bakıda 150-dən çox rəsm əsərim nümayiş olunacaq.

- İndiyədək Azərbaycana dəfələrlə səfər etmisiniz. Ölkə sizin yaddaşınızda necə qalıb?

- Azərbaycan mənim üçün obrazlı desəm, ikinci vətəndir. Bax, bu ölkəni, onun xalqını və unikal mədəniyyətini belə sevirəm. İndi təəssüf edirəm ki, 1998-ci ilə qədər bu regiona, bu ölkəyə getməmişdim. İlk səfərdən məndə Azərbaycana böyük məhəbbət yarandı. Bakı Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Rafael Allahverdiyev hətta şəhərdə öz qalereya-emalatxanamı açmağı təklif etdi. Ancaq 90-cı illərin sonlarında həyatımda hər şey qarışmışdı və mən belə bir unikal imkanı qaçırdım.

Mən böyük rus şairi Sergey Yeseninin gəzdiyi və öz əsərlərində təsvir etdiyi yerlərdə də oldum. Ümumiyyətlə, xarici ölkələrdə Rusiyanın tarixi, mədəniyyəti ilə bağlı yerlərə getmək çox maraqlıdır. Məsələn, İsmayıllı rayonunun İvanteyevka kəndində oldum, burada ruslar hələ çar dövrünün rus dilində danışırlar. Ümumiyyətlə, Azərbaycan haqqında çox müxtəlif xatirələrim var və onların hər biri barədə danışmaq geniş vaxt tələb edir. 

- Eşitdiyimizə görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sizə xüsusi rəğbət bəsləyirmiş və digər rəssamlardan fərqləndirirmiş. Dahi Heydər Əliyev sizin xatirinizdə necə qalıb? 

Bəli, onun yaxınları mənə deyirdilər ki, Heydər Əliyev rusiyalılar arasında həmişə məni və Rostropoviçi fərqləndirir. Görüşlərdə isə bizi övladı kimi qarşılayar, qucaqlayıb üç dəfə öpərdi. Hətta Heydər Əliyev nəvəsinin portretini çəkməyi də mənə həvalə etmişdi. 

Ümumiyyətlə, Heydər Əliyev çox müdrik, dərin düşüncəli və hissiyyatlı insan idi. O, prinsipial, amma eyni zamanda insanlara qarşı çox mehriban idi. Azərbaycanın hazırkı dövlət başçısı İlham Əliyev də rasional şəxsiyyətdir, siyasətçi kimi çox peşəkar və böyük vətənpərvərdir. Bu gün siyasi cəhətdən hər şey ölkənin gələcəyi və xalqı üçün edilir. Azərbaycan Prezidentinin Rusiya ilə münasibətlərdə atası Heydər Əliyevin başlatdığı mehriban qonşuluq və qarşılıqlı hörmət siyasətini davam etdirməsini görmək xoşdur. Azərbaycanda rus dili, mədəniyyəti zəifləmir və yüksək hörmət göstərilir. Azərbaycan və Qazaxıstan radikal millətçilik yolunu tutmayan azsaylı keçmiş sovet respublikalarındandır.

- Sizin Heydər Əliyev Fondu ilə də əməkdaşlığınız varmı? Fondun vitse-prezidenti Leyla Əliyeva sizin yaradıcılığınızı necə qiymətləndirir? 

- Mən onun, Leyla xanım da mənim yaradıcılığımla yaxşı tanışıq. Leyla Əliyeva həmişə məni təşkil etdiyi xeyriyyə tədbirlərinə dəvət edir. O, çox gözəl, cazibədar, xeyirxah, həssas, yüksək təhsilli, bir az da sentimentaldır. O, şairə, lirik şerlərin müəllifi, yaxşı rəssam və sadəcə, incəsənətə böyük dəyər verən insandır. Həm ölkə, həm də valideynləri bu görkəmli qızla fəxr edə bilərlər. O, xeyriyyəçiliklə yaxından məşğul olur, bu işə bütün emosional-mənəvi varlığını qoyur. O, praktiki olaraq, Azərbaycan xalqının Rusiyadakı xoşməramlı səfiridir. Bu, uzun illər Moskvada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri olan çox hörmətli Polad Bülbüloğlunun əməyini azaltmır. Leyla ruhən xoşməramlı səfirdir.

- Siz Rusiyada, adətən, "saray rəssamı" adlandırırlar. Bu "ad" xətrinizə dəymir ki? Kremlə tez-tez gedirsiniz? 

- Bildiyiniz kimi, Velaskesdən Rembrandta qədər tarixdə məşhur olan rəssamların, demək olar, hamısı görkəmli dövlət xadimlərinin portretlərini çəkiblər və bu, həm gəlirli, həm də şərəfli olub. Təbii, onların hamısı "saray rəssamı" olmayıb, amma yenə də onların çoxu krallardan, digər rəhbərlərdən sifarişlər alıblar, onların portretlərini çəkib pul qazanıblar. Bunda pis bir şey görmürəm. Bəzi dairələrdə rəssamın kasıb olması fikri dolaşır. Mən bu fikirlə razılaşmıram. Əgər hökmdarlar, Roma papaları və zəngin insanlar rəssama sifarişlər verirsə, o, nəyə görə kasıb olmalıdır?! Mən "saray rəssamı" olmasam da, bu anlayışa sakit yanaşıram. Mən müxtəlif insanları çəkirəm: bu, məşhur Hollivud ulduzu da ola bilər, hörmət etdiyim sadə həkim də. Pulu həm də xeyriyyəçiliklə məşğul olmaq üçün qazanıram, yoxsa daimi əsasda Kreml üçün çalışmaq təklifini qəbul edərdim. Amma bu, az-az olur. 

Xatırlayıram, Dmitri Medvedev Rusiya prezidenti olan zaman bir dəfə Azərbaycan Prezidentinin ailəsinə nəsə hədiyyə vermək istəyirdi. Bu məsələ müzakirə olunan zaman Vahid Ələkbərov mənim işlərimi çox bəyəndiyini deyib. Tezliklə sifariş aldım, iki şəkil çəkdim və onlar Prezident İlham Əliyevə hədiyyə edildi. Azərbaycan Prezidenti sonradan mənimlə görüşəndə bunu qeyd etdi.

- Hazırda kolleksiyanızda dünyanın ən nüfuzlu şəxslərinin portretləri var. Hətta bəzilərinin baxışlarından qorxduğu belə adamları çəkmək çətindir? Onlar çəkiliş zamanı sizin bütün göstərişlərinizi yerinə yetirməyə məcbur olurlar?

- Normal insan kimi layiqli, hörmətli insanlara hörmət edirəm, amma yaltaqlanmıram. Məni sevə və ya sevməyə bilərlər, amma incəsənətdə sözünü demiş adam kimi artıq əbədiləşmişəm. Heç vaxt kiminsə qabağında əyilməmişəm, amma bu dünya üçün yaxşı bir şey etmiş insana daim hörmətlə yanaşmışam. 

Çəkiliş zamanı insanları uzun müddət nəyisə etməyə məcbur etmirəm, mənə gələcək işim üçün qeyd götürmək və təəssürat yaratmaq baxımından bir neçə dəqiqə söhbət etmək kifayətdir. Yeri gəlmişkən etiraf edim ki, mərhum Heydər Əliyevin portreti üzərində işləyərkən seans vaxtı yox, daha sonra çox narahat idim. Çünki mənə onun portretini 300-ə yaxın rəssamın çəkməyə çalışdığını söyləmişdilər. Əlbəttə, çəkdiyim portretin xoşuna gəlməsini istəyirdim. 1998-ci ildə doğum günündə portreti Heydər Əliyevə göstərən zaman, təxminən, beş dəqiqə işimə baxandan sonra mənə tərəf döndü, əlini uzatdı və dedi: "İndi Azərbaycanda dostun var və o, mənəm".

- Müasir Azərbaycan rəssamlığı barədə nə düşünürsünüz? Hansı rəssamları fərqləndirə bilərsiniz?

- Azərbaycan rəssamlığı çox zəngin, koloritli və zövqlüdür. Tahir Salahovla uzun zamandır tanışam. O, artıq dünya səviyyəsində sözünü deyən gözəl sənətkardır. Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Rasim Babayev və yaxşı tanıdığım Fərhad Xəlilov möhtəşəm rəsm əsərləri çəkiblər. Hətta Müslüm Maqomayev də öz əsərlərində xüsusi tərzi ilə fərqlənib. Onların evində tez-tez olurdum və ona bəzi peşəkar məsləhətlər verirdim, çünki o, istedadlı həvəskar rəssam idi...

Bugünkü gənc rəssamlara gəlincə, tez-tez məhz azərbaycanlı rəssamların öz tərzi ilə fərqləndiyi müxtəlif beynəlxalq sərgilərdə iştirak edirəm. Bunlardan Sənan Səmədovu və heykəltəraş Zakir Əhmədovu fərqləndirərdim. Ola bilsin, Bakıda keçiriləcək qarşıdakı sərgi mənə müasir Azərbaycan incəsənətini daha çox və yaxşı öyrənmək və bir çox qabiliyyətli gənclərlə tanış olmaq imkanı verəcək.

Son xəbərlər

Orphus sistemi